“Azərbaycanda quru sərhədlərin bağlanmasının səbəbləri məlumdur. 2020-ci ildə dünyanı bürümüş pandemiya səbəbindən digər ölkələr kimi ölkəmizdə belə bir addım atıb. Ötən dövrdə sərhədlərin açılıb-açılmaması məsələsi vaxtaşırı olaraq cəmiyyətdə gündəmə gəlsə də, bu barədə qərarə Nazirlər Kabineti verir”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, son günlər sərhədlərin açılacağı barədə kimlərinsə yaydıqları məlumatların heç bir əsası yoxdur. Çünki Nazirlər Kabinetinin 18 mart tarixli qərarı ilə pandemiya ilə əlaqədar atılan addımın, yəni sərhədlərin bağlı qalmasının müddəti bu il iyulun 1-dək uzadılıb. Buna görə də, ən azı iyulun 1-dək sərhədlərin açılması real deyil.
Millət vəkilinin sözlərinə görə, Nazirlər Kabinetinin məlum qərarı “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 25-ci maddəsinə və Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən verilib.
“Bununla belə, regionda bir sıra təhdidlər var ki, sərhədlərimizin hələ də bağlı olmasını zəruri edir. Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı da vurğuladı ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, hökumət vəziyyəti təhlil edir və müvafiq qərarlar verir. Bu baxımdan, gələcəkdə sərhədlərin açılıb-açılmaması haqqında qərarı da Nazirlər Kabineti verəcək”,-deyə Samir Vəliyev vurğulayıb.