Şamaxı Astrofizika Rəsədxanasının 14 may 2025-ci il tarixli rəsmi məktubuna əsasən, bu il Azərbaycanda Qurban bayramı Zül-hiccə ayının 10-na – miladi təqvimlə 6 iyun tarixinə təsadüf edəcək.
Qurban kəsimi qaydaları: Nələrə diqqət edilməlidir?
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev News365.az-a açıqlamasında bildirib ki, Qurban kəsimi 6 iyun tarixindən başlayaraq üç gün ərzində icra oluna bilər. Onun sözlərinə görə, qurban üçün qoyun daha çox seçilsə də, keçi, inək və dəvə də şəriət baxımından uyğundur.
Quliyev vurğulayıb ki, bayram namazından sonra heyvan kəsmək Həcc ziyarəti zamanı vacib olsa da, Azərbaycanda bu əməl müstəhəb sayılır.
Qurbanlıq heyvanlar necə seçilməlidir?
Qurbanlıq heyvanların sağlam, fiziki cəhətdən qüsursuz və müəyyən yaş həddinə çatmış olması vacibdir. Şəriətə əsasən:
Qoyun və keçi – ən azı 1 yaş
Öküz və inək – 2 yaş
Dəvə – 5 yaş
Qurban kəsimi zamanı heyvanın üzü qibləyə çevrilməli, “Bismillah, Allahu Əkbər” deyərək kəsilməlidir. Qurbanlıq ətinin bölünməsi ilə bağlı sərbəstlik olsa da, dinimiz ehtiyac sahiblərinə yardım etməyi tövsiyə edir.
“Ənənəyə görə, ət üç yerə bölünür – bir hissə öz ailəsinə, biri ehtiyaclılara, digəri isə qohum və dostlara paylanır”, – deyə QMİ əməkdaşı bildirib.
Quliyev həmçinin qurban ayininin gigiyenik və sanitariya normalarına uyğun şəraitdə həyata keçirilməsinin vacibliyini də qeyd edib.