Qlobal iqlim dəyişikliklərinin təsirləri

Qlobal iqlim dəyişikliklərinin təsirləri
25 May 2026 11:53


 

İqlim dəyişiklikləri və ətraf mühitdə baş verən proseslər son onilliklərdə dünyanın ən çox müzakirə olunan problemlərindən birinə çevrilib. Bu məsələ təkcə elm adamlarını və ekoloqları deyil, həm də dövlətləri, beynəlxalq təşkilatları, iqtisadçıları və cəmiyyətləri ciddi şəkildə düşündürür. Ətraf mühitdə müşahidə edilən dəyişikliklər urbanizasiya prosesinin sürətlənməsi, sənaye müəssisələrinin artması, əhali sayının çoxalması və təbii resurslardan həddindən artıq istifadə ilə daha da dərinləşib. Dünyanın müxtəlif bölgələrində temperatur göstəricilərinin dəyişməsi, quraqlıq, daşqınlar, meşə yanğınları və digər təbii hadisələr artıq qlobal iqlim dəyişikliyinin real nəticələri kimi qiymətləndirilir.

 

Son illərdə, xüsusilə də XXI əsrin əvvəllərindən başlayaraq, iqlim dəyişikliklərinin təsirləri daha aydın hiss olunmağa başlayıb. Əvvəllər yalnız müəyyən coğrafi ərazilərdə müşahidə olunan anomal hava hadisələri indi demək olar ki, bütün qitələrdə qeydə alınır. Bu vəziyyət dünya dövlətlərini daha ciddi addımlar atmağa məcbur edir. Məhz buna görə də iqlim dəyişiklikləri ilə bağlı beynəlxalq əməkdaşlıq gücləndirilir, müxtəlif qlobal proqramlar qəbul olunur və ətraf mühitin qorunması istiqamətində yeni strategiyalar hazırlanır.

 

COP konfransları və qlobal müzakirələr

 

İqlim dəyişikliyi ilə mübarizə məqsədilə dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar uzun illərdir birgə fəaliyyət göstərirlər. Bu çərçivədə hər il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP keçirilir. Həmin tədbirlərdə atmosferə buraxılan zərərli tullantıların azaldılması, alternativ enerji mənbələrinin genişləndirilməsi, ekoloji problemlərin qarşısının alınması və yaşıl iqtisadiyyatın inkişafı kimi məsələlər geniş şəkildə müzakirə olunur.

 

COP konfransları artıq qlobal siyasətin əsas platformalarından birinə çevrilib. Burada qəbul edilən qərarlar bir çox ölkələrin ekoloji siyasətinə birbaşa təsir göstərir. Bu da təsadüfi deyil. Çünki qərarların qəbulunda iştirak edən dövlətlər üçün müəyyən vəzifələr müəyyənləşir. Bu vəzifələr həm də öhdəlik xarakteri daşıyır. Beləliklə, dövlətlər buna uyğun olaraq atmosferə atılan karbon emissiyalarını azaltmalı, ekoloji təmiz enerjinin, bərapa olunan enerjinin istehsalını artırmalıdırlar. Ancaq hələ də bu istiqamətdə görülən işlər yetərli sayılmır. Çünki qlobal istiləşmənin tam qarşısını almaq üçün hələ ki, atılan addımlar arzuedilən nəticə ciddi verməyib.   

 

Dünyada müşahidə olunan anomal hava hadisələri

 

Qlobal iqlim dəyişikliklərinin ən nəzərəçarpan təsirlərindən biri hava şəraitində müşahidə olunan qeyri-sabitlikdir. Son illərdə bir çox ölkələrdə fəsillərin əvvəlki xüsusiyyətlərini itirdiyi müşahidə olunur. Ənənəvi olaraq soyuq iqlimi ilə tanınan bölgələrdə yay aylarında rekord istilər qeydə alınır, bəzi isti ölkələrdə isə gözlənilməz qar yağışları müşahidə edilir.

 

Bir neçə il əvvəl Avropanın bir sıra şəhərlərində temperaturun normadan xeyli yüksək olması ciddi problemlər yaratmışdı. Azərbaycana qonşu ölkədən, Rusiyadan da bu, yan keçməmişdi. Paytaxt Moskva bu baxımdan diqqət çəkmişdi. Rusiya paytaxtı üçün kifayət qədər rekord isti qeydə alınmışdı. Temperatur 40 dərəcəyə qədər yüksəlmişdi. Bu, normal hal sayıla bilməz.  Bu isə həmin region üçün qeyri-adi hal hesab olunurdu. Digər tərəfdən, uzun illər isti və quraq iqlimi ilə seçilən ölkələrdə qar yağması kimi hadisələr artıq daha tez-tez baş verir.

 

Məsələn, Səudiyyə Ərəbistanı ərazisində bəzi bölgələrə qar yağması dünya ictimaiyyətinin diqqətini cəlb etmişdi. Eyni zamanda Antaliya şəhərində uzun illərdən sonra qarın yağması iqlim dəyişikliklərinin təsirini göstərən nümunələrdən biri kimi qiymətləndirildi. Türkiyədə intensiv yağışlardan sonra bəzi ərazilərin yenidən su altında qalması və əvvəllər mövcud olmuş təbii su hövzələrinin bərpa olunması da təbiətin öz balansını qorumağa çalışdığını göstərən amillərdən hesab olunur.

 

Sel və daşqınları artır

 

İqlim dəyişikliklərinin yaratdığı problemlərdən biri də yağıntıların intensivliyinin artmasıdır. Son illərdə dünyanın bir çox ölkələrində leysan xarakterli yağışlar ciddi daşqınlara və sellərə səbəb olur. Əvvəllər əsasən tropik və musson iqlim qurşaqlarında müşahidə olunan bu hallar artıq mülayim iqlimə malik ölkələrdə də baş verir.

 

Güclü yağışların qısa müddətdə böyük həcmdə yağması şəhər infrastrukturu üçün ciddi problemlər yaradır. Kanalizasiya sistemlərinin yüklənməsi, yolların sıradan çıxması, yaşayış məntəqələrinin su altında qalması və kənd təsərrüfatına dəyən ziyan bir çox dövlətlərin qarşılaşdığı əsas çətinliklərdəndir. İqlim dəyişikliklərinin nəticəsi olaraq bəzi regionlarda uzunmüddətli quraqlıq, digər bölgələrdə isə normadan artıq yağıntı müşahidə edilir ki, bu da ekoloji tarazlığı daha da pozur.

 

Azərbaycanda iqlim dəyişikliklərinin təsirləri

 

İqlim dəyişikliklərinin təsirləri Azərbaycandan da yan keçmir. Son illərdə ölkənin müxtəlif bölgələrində intensiv yağışlar, sel və daşqın halları daha çox qeydə alınır. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə çayların məcrasından çıxması, torpaq sürüşmələrinin baş verməsi və kənd təsərrüfatına dəyən zərər bu problemin aktuallığını artırır.

 

Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda müşahidə olunan hava dəyişiklikləri regiondakı ümumi iqlim prosesləri ilə sıx bağlıdır. Yay aylarında havanın daha isti keçməsi, qış mövsümündə isə temperaturun qeyri-sabit olması artıq əvvəlki illərlə müqayisədə daha çox hiss edilir. Bu dəyişikliklər kənd təsərrüfatı məhsuldarlığına, su ehtiyatlarına və insanların gündəlik həyatına da təsir göstərir.

 

İqlim dəyişikliklərinin əsas səbəbləri

 

Ekspertlərin fikrincə, qlobal iqlim dəyişikliklərinin əsas səbəbi insan fəaliyyətinin təbiətə mənfi təsirinin artmasıdır. Sənaye müəssisələrinin çoxalması, atmosferə atılan tullantıların həcminin yüksəlməsi, meşələrin qırılması və faydalı qazıntıların geniş şəkildə hasilatı təbiətdəki harmoniyanı pozan əsas amillər sırasında göstərilir.

 

Xüsusilə karbon qazı və digər istixana qazlarının atmosferdə artması Yer kürəsində temperaturun yüksəlməsinə səbəb olur. Alimlər hesab edirlər ki, bu proses davam edərsə, yaxın onilliklərdə qlobal istiləşmənin daha ciddi nəticələri ortaya çıxa bilər. Buzlaqların əriməsi, okean səviyyəsinin yüksəlməsi və bəzi ərazilərin yaşayış üçün yararsız hala gəlməsi kimi təhlükələr artıq beynəlxalq hesabatlarda açıq şəkildə qeyd olunur.

 

Bundan başqa, meşələrin məhv edilməsi də iqlim dəyişikliklərinə ciddi təsir göstərir. Yaşıllıqlar atmosferdə karbon qazının azalmasına kömək edən əsas təbii vasitələrdən biridir. Meşələrin azalması isə atmosferdə istilik balansının pozulmasına gətirib çıxarır. Su hövzələrinin çirklənməsi, sənaye tullantılarının dəniz və çaylara axıdılması da ekoloji vəziyyəti ağırlaşdıran səbəblər sırasındadır.

 

Yaşıl enerji və gələcəyə baxış

 

Mütəxəssislər çıxış yolu kimi yaşıl enerji mənbələrinin genişləndirilməsini vacib hesab edirlər. Bunun da səbəbi aydındır. Yaşıl enerji mənbələrindən əldə olunan enerji təmiz enerjdir. Karbohidrogen resurslarından əldə olunan enerjidən fərqli olaraq yaşıl enerji mənbələrindən enerji əldə edilərkən atmosferə zərərli tullantılar atılmır. Buna görə də dünyada artıq yaşıl enerji mənbələrinə üstünlük verilməsi tendensiyası müşahidə olunur. Avropa, Cənubi-Şərqi Asiya ölkələrində karbohidrogen resurslarından əldə olunan enerjidən mərhələli şəkildə yaşıl enerjiyə keçidə üstünlük verilir. 

Azərbaycan da bu istiqamətdə beynəlxalq təşəbbüslərdə fəal iştirak edən ölkələrdən biridir. Ölkəmiz yaşıl enerji layihələrinin inkişafına xüsusi diqqət ayırır və beynəlxalq ekoloji platformalarda fəal mövqe nümayiş etdirir. Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi də ölkənin iqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisi hesab olunur.

 

Təbiətin cavabı 

 

Antropogen fəaliyyət isə reaksiyasız qalmır. Çünki təbiət böyük mənada canlıdır. Əgər ətbii proseslərə kənar müdaxiə olursa, bu müdaxiləyə qarşı təbiətin də müəyyən reaksiyası olur. Bu reaksiya ilkin mərhələdə özünü ciddi biruzə verməsə də, təbiətə dəyən zərərin miqyası genişləndikcə, təbiətin özünü bərpa qabilləyini aşdıqca, təbiətin reaksiya da daha geniş miqyaslı olur. İnsanlar uzun müddət ərzində sənaye fəaliyyətini genişləndirməklə məşğul olublar. Beləliklə, sənaye fəaliyyəti və artan tullantılar səbəbindən ətraf mühitə dəyən zərərin miqyası da sürətlə artıb. Bu da son nəticədə iqlim dəyişikliklərinə yol açır. İqlim dəyişikliklərinin daha da geniş miqyas almaması üçün isə dövlətlər, beynəlxalq təşkilatlar daha ciddi addım atmalıdırlar. Əks halda daha ağır iqlim dəyişikliklərinin nəticələri ilə qarşılaşmalı olacağıq. 

Ancaq hələ də iqlim dəyişikliklərinin səbəblərinə münasibətdə vahid baxışın olmaması da diqqət çəkir. Çünki fərqli düşünən alimlər, müxtəlif dəvlətlərin dövlət və hökumət başçıları var. Bir sıra proseslərin izahına, proqnozlaşdırılmasına fərqli yanaşmalar hələ də qalmaqdadır. Ancaq  bütün bunların fonunda bir gerçəklik dəyişmir. Təbiəti, təbii balansı qorumaq lazımdır. İnsan və təbiət arasında harmoniya olmaldıır. Əks halda dünyamızda ekoloji problemlərdən, böhranlardan qaçmaq mümkün olmayacaq. 

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclər arasında sudan qənaətlə istifadənin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Sizin reklam burada
Sizin reklam burada