News365.az-ın məlumatına görə, qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların çatdırılma dəstlərinə Azərbaycan dilində qurğunun quraşdırılması, texniki xidməti, təmiri və istismarı üzrə təlimat sənədləri daxil edilməlidir.
İstismar sənədləri kağız daşıyıcılarda olmalıdır. Kağız daşıyıcılara elektron daşıyıcılarda istismar sənədləri dəsti əlavə oluna bilər.
Qurğu və avadanlıqların quraşdırılması, texniki xidməti və təmiri üzrə təlimatlarda aşağıdakı məlumatlar olmalıdır:
· qurğu və avadanlığın ümumi təsviri və onun işləmə qaydası;
· qurğunun nominal istilik gücü və (və ya) nominal istilik performansı;
· istifadə olunan qazların növləri və nominal təzyiqləri;
· qurğunun bir qaz növündən digərinə keçirilməsi qaydası;
· yanma prosesinin və yanma məhsullarının kənarlaşdırılmasının təmin edilməsi, habelə təhlükəli yanmamış qazların yığılmasının istisna edilməsinə şərait yaradılması üçün qurğunun quraşdırıldığı məkanın havalandırılmasına dair tələblər;
· istismar zamanı qurğunun düzgün quraşdırma və sazlanmasının, bəyan edilmiş texniki xüsusiyyətlərinin və təhlükəsizliyinin təmin edilməsi üçün bloklu qaz odluqlarına və bu odluqların nəzərdə tutulduğu qurğuya dair tələblər, ehtiyac olduğu halda isə istehsalçı tərəfindən tövsiyə olunan kombinasiyaların siyahısı;
· isidici funksiyalı qurğu üçün suyun kimyəvi tərkibinə dair tələblər (suyun istilikdaşıyıcı olduğu halda);
· avtomatlaşdırma sistemləri elektrik enerjisi ilə işləyən qurğu üçün elektrik şəbəkəsinin nominal gərginliyi;
· istismar zamanı qurğu və avadanlıqlara göstərilməli olan texniki xidmətin növləri və dövriliyi;
· qurğu və avadanlığın xarakterik nasazlıqları və onların aradan qaldırılması üsulları;
· tüstü bacasına qoşulmayan və yanma məhsullarının kənarlaşdırılması üçün sorulma qurğusu ilə təmin olunmayan isidici və suqızdırıcı qurğunun quraşdırılmasına icazə verilən otaqda hava mübadiləsinə dair tələblər;
· istehsalçının adı, ünvanı və əlaqə məlumatları;
· qurğu və avadanlığın istehsal tarixi (ay, il) və (və ya) istehsal tarixinin qeyd edildiyi yer və istehsal ilinin necə müəyyən edilməsi haqqında məlumat.
Qurğu və avadanlıqların istismar təlimatında onun bütün istismar müddəti ərzində təhlükəsiz istismarı üçün zəruri olan bütün məlumatlar əks etdirilməli və istifadəçiyə həmin qurğu və avadanlıqların istifadə məhdudiyyətlərinə dair məlumat verilməlidir.
İstismar təlimatında qurğu və avadanlıqların təhlükəsiz şəkildə utilizasiyası üçün tövsiyələr olmalıdır.
Qurğuların quraşdırılması üçün nəzərdə tutulmuş armaturlar və avadanlıqlar qurğuların quraşdırılması, texniki xidməti və təmiri üzrə təlimatlarla eyni dəstdə olmalıdır.