İyulun 25-də itkin düşən Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus EC-145 helikopterinin göyərtəsində olanların hamısının yerini müəyyənləşdirmək üçün Sorbulak su anbarı ərazisində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
İdarədən bildirilib ki, işlər intensiv və gecə-gündüz aparılır. Əməliyyatda 400-ə yaxın insan, 70-dən çox yerüstü texnika, 21 su gəmisi, 10 PUA, əks-səda aparatları, sualtı skaner avadanlığı, həmçinin kinoloji qruplar iştirak edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, axtarışlar çətin şəraitdə aparılır: mürəkkəb sualtı relyef, lil və palçığın çoxluğu görüntü qabiliyyətini sıfır edir.
Axtarış-xilasetmə əməliyyatları yekun nəticələr əldə olunana qədər davam edəcək.
Xatırladaq ki, Almatı vilayətində Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus EC-145 tipli helikopteri planlı uçuş zamanı radarlardan itib. Üç ekipaj üzvü ilə Luqovoydan havaya qalxan helikopterlə Otar ərazisində əlaqə itib.