News365.az xəbər verir ki, əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər çərçivəsində Qazax rayonunda Dəyirmi Masa təşkil olunub. Tədbir “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə reallaşdırılan “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində baş tutub. Qazax rayon Mədəniyyət Mərkəzində keçirilən dəyirmi masada əlilliyi olan qadın və qızlarla yanaşı, müxtəlif dövlət qurumlarının təmsilçiləri də iştirak ediblər. Görüş zamanı iştirakçılar bu kateqoriyadan olan şəxslərin sosial inteqrasiyası, hüquqlarının qorunması, psixoloji dəstək, məşğulluq imkanları və sosial xidmətlərə bərabər çıxış məsələlərini geniş müzakirə ediblər.Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyələrin, Ombudsman Aparatının regional bölməsinin, məşğulluq, təhsil, səhiyyə və sosial müdafiə sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının və icmaların təmsilçiləri iştirak ediblər.
Dəyirmi masa çərçivəsində yaradılmış dəstək qruplarının genişləndirilməsi, yerli səviyyədə şəbəkələşmənin gücləndirilməsi, innovativ yanaşmaların paylaşılması və resursların səfərbər olunması istiqamətində təkliflər səsləndirilib. İştirakçılar arasında səmərəli fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı perspektivlər müzakirə olunub.
38 nəfərin iştirak etdiyi tədbir, əlilliyi olan qadınların səsinin ictimai müzakirələrdə daha aydın şəkildə eşidilməsi və onların hüquqlarının cəmiyyətin diqqət mərkəzində saxlanılması baxımından mühüm platforma rolunu oynayıb.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi bu kimi tədbirlərin bölgələrdə ardıcıl və davamlı şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qurum hesab edir ki, regional səviyyədə təşkil olunan bu cür dialoq platformaları, əlilliyi olan qadın və qızların gündəlik üzləşdiyi çətinliklərin işıqlandırılması və onların hüquqlarının müdafiəsi baxımından mühüm rol oynayır. Eyni zamanda, bu tədbirlər yerli icra strukturları, sosial xidmət qurumları və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı anlayış və birgə həll yollarının formalaşdırılmasına zəmin yaradır. Cəmiyyət, əlilliyi olan qadınların sosial inteqrasiyası, diskriminasiyaya qarşı mübarizə və bərabər imkanların təmin olunması istiqamətində bütün tərəfdaş qurumları daha sıx əməkdaşlığa və praktiki dəstəyə çağırır.“Bölgələrdə bu kimi tədbirlərin keçirilməsi, əlilliyi olan qadınların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və onların hüquqlarının təmin olunması baxımından böyük önəm daşıyır. Biz bütün aidiyyəti qurumları bu prosesə daha fəal şəkildə qoşulmağa dəvət edirik,” – deyə Əlil Qadınlar Cəmiyyəti bəyan edib.Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.
The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.