Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatında...- Vüqar Bayramov

Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatında...- Vüqar Bayramov
12:46

"Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Bu gün isə Xocalı rayonunda yeni bir səhifə açılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə  azad olunan bütün yaşayış məntəqələrində olduğu kimi, Xocalı da yenidən qurulur və inkişaf edir. Xocalı şəhəri və 7 kənd daxil olmaqla Xocalı rayonunda artıq 4 mindən çox sakin məskunlaşıb". 
News365.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentdə çıxışı zamanı deyib. 

Deputat qeyd edib ki, uzun müddət işğal altında qalmış torpaqlarımız bərpa edilir və yenidən qurulur: "75 mindən çox vətəndaşımızın yaşadığı və çalışdığı Qarabağ və Şərqi Zəngəzurda bu ilin sonunadək daha 80 min nəfərin yaşayaraq işləyəcəyi gözlənilir. Bu ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə 150 mindən çox vətəndaşımızın yaşayacağı deməkdir.

İşğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, o cümlədən intensiv məskunlaşma bu gün Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Nəzərə alsaq ki, zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb və bütövlükdə 2026-cı il daxil olmaqla bu istiqamətə 3,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu o deməkdir ki, yalnız dövlət büdcəsindən 2026-cı il daxil olmaqla, zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 26 milyard manatdan artıq vəsaitin ayrılması təmin ediləcək. Bu vəsait hesabına infrastrukturun yenidən qurulması, məskunlaşma üçün yaşayış evlərinin tikintisi, eyni zamanda sosial və kommunal xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun bərpası və yenidən qurulması işləri daxildir. 

İlkin qiymətləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatında 10 faiz pay formalaşdırmaq potensialı var. Bu isə yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına 15 milyard manatdan artıq əlavə dəyər qatacağını göstərir və işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının kifayət qədər yüksək olduğunu göstərir".


Sizin reklam burada
Sizin reklam burada