Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov hesab edir ki, qanunlar nə qədər mükəmməl hazırlanmış olsa da, cəmiyyətə düzgün izah edilmədikcə real nəticə verməyəcək.
News365.az xəbər verir ki, bu fikri o, parlamentdə “İstilik təchizatı haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə səsləndirib.
Sadiq Qurbanov bildirib ki, qanunların icrası ilə bağlı əsas problem cəmiyyətin məlumatsızlığıdır:
“Bəzən insanlar gündüz vaxtı belə lazımsız yerə işıq yandırır. İrad bildirəndə isə deyirlər: ‘Pulunu ödəyirəm, sənə nə?’ Amma anlayışla yanaşılmır ki, həmin enerjinin arxasında qaz, əmək və təbii resurslar dayanır.”
Komitə sədri əlavə edib ki, bir çox inkişaf etmiş ölkələrdə evlərin istilik dərəcəsi qanunla tənzimlənir və müəyyən həddi keçənlər cərimələnir. Lakin bu qaydalar maarifləndirmə nəticəsində problem yaratmadan qəbul olunur.
“Biz də cəmiyyəti bu məsələlərdə məlumatlandırmalı, resursların düzgün istifadəsini aşılamalıyıq. Maarifləndirmə aparılmadan istənilən qanun kağız üzərində qalacaq,” – deyə o vurğulayıb.