Qadınların Əməkhaqqında Vacib Yenilik - Nələr Dəyişir?

Qadınların Əməkhaqqında Vacib Yenilik - Nələr Dəyişir?
11:50

İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir.

 News365.az xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsində əks olunub.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə görə, cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək işəgötürənin əsas vəzifələri hesab ediləcək.

Həmçinin, Məccələnin 154-cü maddəsinə əlavə edilən hissədə işəgötürənin cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olduğu qeyd olunub. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir.

Bundan əlavə, layihədə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanununa təklif olunan dəyişikliyə əsasən əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur. /// bizim media



Sizin reklam burada
Sizin reklam burada