Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə İstanbulda şəxsən görüşməyə hazır olduğunu bir daha təsdiqləyib. O, eyni zamanda atəşkəsin dərhal elan edilməsinin vacibliyini vurğulayıb və mümkün görüş zamanı müharibəyə son qoymaq üçün "bir format tapılmalı" olduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, Putinin İstanbula gəlməkdən imtina etməsi onun üçün “tam məğlubiyyət” olacaq.
News365.az xəbər verir ki, bu barədə Zelenski “Libération” və digər Avropa mediasına verdiyi müsahibədə danışıb.
Jurnalistlərlə söhbətində Ukrayna Prezidenti Türkiyədə 15 mayda başlaya biləcək Rusiya–Ukrayna danışıqları mövzusuna toxunub. O, Putinlə şəxsi görüşə yenidən hazır olduğunu bildirib.
“Putinlə görüşümün məqsədini anlamaq vacibdir. Biz onunla indi hər şeydə razılaşa bilmərik, bu, mümkün deyil. Amma müharibəyə son qoymaq üçün bir yol, bir format tapmalıyıq”, – deyə Zelenski qeyd edib və dərhal atəşkəsin vacibliyini vurğulayıb.
Dövlət başçısı əmindir ki, Putinin İstanbula gəlməsi və ya gəlməməsi çox şeyi göstərəcək. O cümlədən Rusiyanın müharibəni həqiqətən bitirmək istəyib-istəmədiyini.
“Əgər o gəlməsə, bu o deməkdir ki, siyasi qələbə axtarmır”, - deyə Zelenski bildirib.
Xatırladaq ki, müsahibə zamanı Ukrayna Prezidenti Putinə mümkün görüşdən gözləntilərini də açıqlayıb. O qeyd edib ki, 15 mayda Türkiyədə baş tutacaq ehtimal olunan görüş sadəcə simvolik ola bilməz. Dövlət başçısı görüşün məqsədinin aydın olmasının və oradan siyasi qələbə ilə çıxmağın vacibliyini vurğulayıb.
Zelenski əlavə edib ki, bu görüş atəşkəsin elan edilməsi və ya “hamının hamıya” prinsipi ilə əsir mübadiləsi kimi real nəticələr verməlidir.