“Paşinyan saxta bəyanatlar verərək cəmiyyəti çaşdırmaqla məşğuldur” Politoloq

“Paşinyan saxta bəyanatlar verərək cəmiyyəti çaşdırmaqla məşğuldur” Politoloq
16:56

Ermənistan baş nazirinin Azərbaycanla dəmir yolu əlaqəsi barədə verdiyi açıqlama, Ermənistan siyasi hakimiyyətinin növbəti saxtakarlığından başqa bir şey deyil. Çünki Azərbaycanın mövqeyi açıq-aydın ortadadır və Ermənistanın uzun müddətdir təklif etdiyi sülh müqaviləsinin imzalanması ilə bağlı prinsipial yanaşması mövcuddur.

Mövzu ilə bağlı News365.az-a politoloq Tural İsmayılov danışıb.

“Cənubi Qafqaz regionunda rifahın, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin vacibliyi daim Azərbaycan tərəfindən vurğulanıb. Lakin buna baxmayaraq, Nikol Paşinyan hökuməti Avropa İttifaqının mülki müşahidə missiyası adı altında Qərbin casus şəbəkələrini öz sərhədlərinə gətirərək, onları Azərbaycan əleyhinə fəaliyyətə cəlb edib. Hazırda Avropa İttifaqının müşahidə missiyası adı altında Qərb kəşfiyyat şəbəkələrinin Azərbaycanla sərhədlərdə möhkəmlənməyə çalışması bir daha göstərir ki, həm Ermənistan, həm də onun havadarları real sülhün əldə olunmasına maraq göstərmir.

Əgər real sülhə nail olmaq istəsəydilər, Azərbaycanla Ermənistan arasında sülhlə bağlı mövcud konseptual razılaşmaları dəyərləndirməyə çalışardılar. Lakin Nikol Paşinyan uzun müddətdir ki, Azərbaycan tərəfindən irəli sürülən sülh çağırışlarına məhəl qoymur və əvəzində öz havadarlarının tapşırıqlarını yerinə yetirməyə çalışır. Bu isə Azərbaycanla Ermənistan arasında gərginliyin aradan qaldırılmasına və dövlətlərarası münasibətlərin normallaşmasına mane olur.

Bu gün Nikol Paşinyan saxta bəyanatlar verərək həm Ermənistan ictimaiyyətini, həm də beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldur.”