“Colaninin vədi diqqət çəksə də, icrası çətindir“- Politoloq

“Colaninin vədi diqqət çəksə də, icrası çətindir“- Politoloq
15:58

“HTŞ lideri Əhməd əş-Şara (əl-Colani) Hərbi Şura tərəfindən Suriyanın yeni prezidenti təyin olundu. O, yeni konstitusiya hazır olanadək Suriyada keçid prosesinə rəhbərlik edəcək.”

Politoloq Turan Rzayev bunu News365.az-a deyib.

“Colaninin Suriyanın yeni prezidenti olması gözlənilirdi. Əslində, Suriyanın tarixinə və daxili dinamikasına baxdıqda bunun təbii olduğunu deyə bilərk. Məsələn, Suriyada siyasi mühitin xaotik olduğu 1950-1960-cı illərdə “Baas” partiyası təşkilati gücünü artırıb, 1963-cü il martın 8-də həyata keçirilən çevriliş nəticəsində hakimiyyəti ələ keçirdi. Hərbi komitənin rəhbərləri Salah Cədid və Hafiz Əsəd bu çevrilişin əsas simaları idi.

“Baas”ın hakimiyyətinin ilk illərində partiya daxilində ciddi fraksiya qarşıdurmalarının yaşanması, Mişel Əfləq və Səlahəddin Bitar kimi ənənəvi liderlərin radikal sosialistlərlə münaqişəyə girməsi 1966-cı ildə Salah Cədidin başçılığı ilə çevrilişə səbəb oldu. Onun başçılıq etdiyi radikal sosialist qrupla Hafiz Əsədin təmsil etdiyi praqmatik liderlər arasında gərginliyin artması isə sonuncunun 1970-ci il noyabrın 13-də Salah Cədid hökumətini devirməsinə gətirib çıxardı.

Nəticə etibarilə Əhməd Şaranı prezidentliyə yüksəldən proses, əslində, 62 il sonra fərqli ideologiyadakı başqa bir qrupun hərbi çevrilişlə hakimiyyətə gəlişindən başqa bir şey deyil.

Əş-Şara Suriyanın prezidenti kimi xalqa ilk müraciətində ölkənin ərazi bütövlüyünü təmin edəcəyinə söz verib.

“Qarşıdakı dövrdə biz bir sıra prioritet məsələlərin həllinə diqqət yetirəcəyik ki, bunlardan biri də vahid iqtidar altında, vahid torpaqda bütün Suriyanın ərazi bütövlüyünün bərpası prosesinin başa çatdırılmasıdır”, – o vurğulayıb.

Colaninin vədi diqqət çəksə də, icrası çətindir. Çünki Suriya milli dövlət təkamülünü tamamlamayıb. Ölkədə məzhəbçilik ön plandadır. Bundan başqa, tayfa ittifaqlarının gücü də böyükdür. Ən önəmlisi isə ölkədə çox sayda hərbi qruplaşma aktiv fəaliyyət göstərir. 

Buna görə də Colani tədricən avtoritar rejim qurub, hakimiyyətini qorumaq üçün gücdən istifadə etməli olacaq. Lakin bu da yeni qarşıdurma riskini artırır. Ən önəmlisi isə Qərbin dəstəyini qazanması çətin görünmür. Xüsusilə də seçkilər olmadan prezident postuna əyləşməsi, Suriya üçün iqtisadi vəziyyətin düzəlməsi Qərbə körpülərin qurulmasını çətinləşdirir. Əş-Şara talibançı olmaya bilər, amma Əsəddən fərqi də olmayacaq!