"Paşinyan QAİ nümayəndələri ilə görüşməyə məcbur olacaq" Millət Vəkili

"Paşinyan QAİ nümayəndələri ilə görüşməyə məcbur olacaq" Millət Vəkili
09 Yan 2025 17:54

Nikol Paşinyan birmənalı şəkildə Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşməyə və onların hüquqlarını təmin etməyə məcbur olacaq.

Bu fikirləri News365.az-a açıqlamasında Millət Vəkili Samir Vəliyev bildirib.

”  7 yanvar 2025-ci il tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli telekanallara verdiyi müsahibəni tarixi adlandıran millət vəkili, bu çıxışın Azərbaycan dövlətinin Cənubi Qafqazda və dünyada gələcək rolunu açıq şəkildə ortaya qoyduğunu vurğulayıb. Prezident, Qərbi Azərbaycanlıların qayıdışı məsələsinin vacibliyini diqqətə çatdıraraq, Ermənistana və baş nazir Paşinyana ciddi bir mesaj göndərib. O qeyd edib ki, Qərbi Azərbaycanlıların geri qayıtması beynəlxalq hüquq sistemində təsbit olunmuş haqlarına əsaslanır və bu hüquqlar beynəlxalq konvensiyalarda da öz əksini tapır.

Samir Vəliyev vurğulayıb ki, Qərbi Azərbaycanlıların geri dönüşü onların təbii haqqıdır və bu, tarixi ədalətin bərpasıdır:

"200 ildən artıq bir müddətdə Qərbi Azərbaycanlılar müxtəlif dövrlərdə – 1905-1906, 1918-1921, 1948-1953 və son olaraq 1980-ci illərin sonu, 1990-cı ilin əvvəlində dədə-baba torpaqlarından deportasiya olunub. Bu deportasiyalar soyqırımı, etnik təmizləmə və irqi zəmində baş verən qanlı hadisələrlə müşayiət olunub."

Millət vəkili əlavə edib ki, Ermənistan bu qayıdışdan narahatdır və 44 günlük Vətən müharibəsində əldə edilən zəfər bu məsələnin daha da aktuallaşmasına səbəb olub. Azərbaycanın bölgədə güclü dövlət olması fonunda bu məsələni Ermənistan birmənalı şəkildə qəbul etmir.

Prezident İlham Əliyevin sülh müqaviləsinin 17 maddəsindən 15-nin razılaşdırıldığını, lakin iki maddənin Ermənistan tərəfindən siyasi alət kimi istifadə edildiyini vurğulayan millət vəkili, Paşinyanın məsuliyyətini xüsusi qeyd edib:

"Nikol Paşinyan hazırda Ermənistan rəhbərliyində siyasi baxımdan düzgün qərar verə biləcək yeganə şəxsdir. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Paşinyan Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşməyə və onların hüquqlarını təmin etməyə məcbur olacaq."

Millət vəkili vurğulayıb ki, 2020-ci ilə qədər Ermənistanın siyasi rəhbərliyi Qarabağı qaytarmaq niyyətində deyildi:
"Lakin Paşinyan Azərbaycan Ordusunun və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti qarşısında məğlub oldu və Qarabağı geri qaytarmağa məcbur qaldı. Eyni prinsip Qərbi Azərbaycanlıların qayıdışı məsələsində də tətbiq olunacaq. Paşinyan Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşmək və onların hüquqlarını təmin etmək məcburiyyətində qalacaq."



Youtube kanalımız