Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır

Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır
08 May 2025 21:00

Energetika, neft sənayesi, ticarət, elm, təhsil, mədəniyyət, turizm, texnologiya, innovasiya və rəqəmsal inkişaf, habelə ədliyyə və müdafiə sahələri ilə bağlı Anlaşma Memorandumlarının imzalanması deməyə əsas verir ki, ölkələrimiz arasında faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün geniş fəaliyyət istiqamətləri mövcuddur. Baş katib To Lamın mətbuata bəyanatında səsləndirdiyi fikir öz növbəsində Vyetnamın Azərbaycanla əlaqələrə nə qədər önəm verdiyini nümayiş etdirir: “Hazırkı səfərim diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir”.

Prezident İlham Əliyev Baş katib To Lamın ölkəmizə səfərindən bir gün əvvəl “Vietnam News Agency” yə verdiyi müsahibədə olduqca maraqlı faktları açıqladı. Bir çoxumuz üçün həmin faktlar yenilik idi. Prezidentin müsahibəsindən öyrəndik ki, görkəmli bəstəkarımız Qara Qarayev 1955-ci ildə ilk sovet-Vyetnam sənədli filmi üçün, Vyetnam müharibəsi haqqında “Vyetnam süitası”nı bəstələyib. Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında digər görkəmli həmvətənimiz rejissor Əjdər İbrahimov 1959-1962-ci illərdə Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib və üç film çəkib, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin müsahibədə ictimailəşdirdiyi maraqlı faktlardan biri də onunla bağlıdır ki, Azərbaycan mütəxəssisləri hələ o dövrdə Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. 1981-ci ildə Sovet İttifaqının dəstəyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinə ilk baş direktor kimi azərbaycanlı Cəlal Məmmədov rəhbərlik edib. Ümummilli Lider Heydər Əliyev 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini statusunda Vyetnama səfər edərək dövlətlərarası, o cümlədən Azərbaycan SSR ilə Vyetnam arasında münasibətlərin dərinləşməsində tarixi rol oynayıb.

Bütün bu faktlar bir daha təsdiq edir ki, ölkələrimiz arasında mədəni, iqtisadi və siyasi əlaqələrin ciddi tarixi kökləri mövcuddur. Müasir dövrdə Azərbaycan-Vyetnam münasibətlərinin cəlbediciliyi həm də ondadır ki, hətta mürəkkəb geosiyasi şəraitdə belə, hər iki ölkənin beynəlxalq hüquqa və aparıcı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətlərinə münasibəti tam üst-üstə düşür və dövlətlərimizin maraqlarına xidmət edir. Prezident İlham Əliyev bu gerçəkliyi nəzərə alaraq, Baş katib To Lamın iştirakı ilə mətbuata bəyanatında həmin məqamı xüsusi olaraq qeyd etdi: “Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında-beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır... Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik”.

Azərbaycan Prezidenti bu bəyanatı ilə bir daha o mesajı verdi ki, yeni dünya nizamına keçid dövrünün doğurduğu şəraitin mürəkkəbliyinə baxmayaraq, yeni çağırışları qarşılıqlı şəkildə faydalı əməkdaşlıq fürsətinə çevirmək, fərqli coğrafiya və sivilizasiyaları bir-birinə daha da yaxınlaşdırmaq mümkündür və bu qaçılmazdır. Əsas olan müstəqil siyasi iradənin nümayişidir.


Ülvi Quliyev

Milli Məclisin deputatı


Sizin reklam burada
Sizin reklam burada