Paşinyan Ağrı dağı iddialarından əl çəkdi

Paşinyan Ağrı dağı iddialarından əl çəkdi
10:44

Ermənistanın Baş naziri Nikol Paşinyanın hökuməti Ağrı dağının dövlət simvollarından tam çıxarılması istiqamətində addımlar atır.

News365.az-ın məlumatına görə, bu dəyişiklik Ermənistan–Türkiyə münasibətlərinin yaxşılaşdırılması və “başqa millət və dinlərin nümayəndələri üçün həssas ola biləcək simvollardan uzaqlaşmaq” məqsədi daşıyır.

Prosesin ilk addım 2025-ci il noyabrın 1-dən etibarən qüvvəyə minmiş sərhəd möhürlərinin yenilənməsi olub. Hökumətin qərarı ilə Ermənistan sərhəd-buraxılış məntəqələrində istifadə olunan möhürlərdən Ağrı dağı təsviri çıxarılıb.

Türkiyə KİV-inə görə, növbəti mərhələdə 50 min dramlıq əskinasın dizaynı dəyişdiriləcək. Ermənistan Mərkəzi Bankı yeni əskinasda iki əsas simvolun - Ağrı dağı (Ararat) və bütün ermənilərin ilk katolikosu Qriqor Lusavoriçin portretinin olmayacağını təsdiqləyib. Onların yerinə banknotun üzərində Ermənistan hökumət binasının təsviri yerləşdiriləcək. Yeni dizaynlı əskinaslar 2026-cı ilin yazında dövriyyəyə buraxılacaq, köhnə banknotlar isə tədricən dövriyyədən çıxarılacaq.

Rəsmi İrəvan dövlət gerbinin də yenilənməsini planlaşdırır. Hazırkı gerbin mərkəzi qalxanında Ağrı dağı və onun üzərində Nuhun gəmisi təsvir olunub. Yeni təklif bu təsvirin ölkənin ən böyük gölü olan Göycə (Sevan) gölünün silueti ilə əvəzlənməsini nəzərdə tutur. Yenilənmiş gerbin təsdiqi Paşinyan hökumətinin 2026-cı ildə hazırladığı konstitusiya dəyişiklikləri paketi ilə birlikdə həyata keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada