“Parlementə “yerazları” və naxçıvanlıları yığırlar” fikri QALMAQAL yaratdı

“Parlementə “yerazları” və naxçıvanlıları yığırlar” fikri QALMAQAL yaratdı
07 Sen 2024 22:15

Azad Vətən Partiyasının sədri Akif Nağı iddia edib ki, yeni parlamentdə əsasən Qərbi Azərbaycan və Naxçıvandan olan şəxslər çoxluq təşkil edir.

Sitat: “Bizə yaraşmasa da, açıq deyəcəm, deyilənləri söyləyirəm, “yerazlardan” naxçıvanlılardan ibarət parlament formalaşdırırlar. Hətta belə fikir gəzir, hansısa bir rayondan, tutaq ki, Ağdam rayonundan kimisə seçirlərsə, onun kökü-köməci yeravanlıdırsa (Qərbi azərbaycanlı-red.), o adama üstünlük verirlər. Belə bir təhlükə var”.

A.Nağının bu iddiası cəmiyyətdə müzakirələrə səbəb olub və birmənalı qarşılamayıb. Partiya sədrinin dedikləri nə dərəcədə doğrudur?

Mövzunu Globalinfo.az-a şərh edən əslən Qərbi Azərbaycandan olan VI çağırış Milli Məclis deputatı Hikmət Babaoğlu belə əsassız və milli birliyik üçün təhlükəli olan polemikaya qoşulmadığını bildirib.

O, ömrünü Qarabağın azadlığı uğrunda mübarizəyə həsr etmiş Akif Nağı kimi ziyalıya bunu yaraşdırmadığını deyib:

“Akif Nağını Qarabağın azadlığı üçün mübarizə apardığı kimi indi də Qərbi Azərbaycan üçün mübarizə aparmağa dəvət edirəm. Biz birlikdə güclüyük! Bunu artıq isbat etmişik”.

Əslən Naxçıvandan olan VI çağırış Milli Məclis deputatı Fazil Mustafanın fikrincə, belə mənasız fikirlər hər zaman səsləndirilir.

Onun sözlərinə görə, bunu edən Azərbaycanın əbədi düşmənləri olan, erməniliyə xidmət edən İranın əsas şəbəkəsinin Azərbaycandakı üzvləridir:

“Bölücülük yaratmaq üçün bundan uyğun ifadə tapa bilmirlər. Bütövlükdə parlamentin bu cür tərkiblə formalaşmasını iddia etmək axmaqlıqdır. Hər hansı bir şəkildə seçici bu meyarla kimlərəsə səs vermir. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində regionçuluq, bölücülük çox təhlükəli simptomlardır. Mütləq ki, xarici xüsusi xidmət orqanları müəyyən dərəcədə ölkədə ayrı-ayrı regionlar arasında münasibətləri pozmaq məqsədi ilə bu cür obrazları önə çıxarıb, onların vasitəsilə təbliğat aparırlar. Bu, çox yaramaz bir yoldur. Mənbəyini araşdırsaq görərik ki, mənbə erməniyə bağlı olan fars şəbəkəsinin Azərbaycanda pozuculuq niyyəti ilə ortaya atdığı bir mövqedir. Ona görə də, bu cür yanaşmalara qarşı cəmiyyətimiz ciddi həssaslıq göstərməli və bunun qarşısını ən azı ictimai rəydə əsaslı, tutarlı arqumentlərlə almaq lazımdır”.


Youtube kanalımız

Oxşar xəbərlər