Rusiya Federasiyasının son 8 il ərzində təxminən 160 milyard rubla yaxın vəsait yatıraraq "Rusiya dünyası"nın vitrini kimi nümayiş etdirməyə çalışdığı Krım yarımadası hazırda çox ağır iqtisadi və hərbi ssenarilərlə üz-üzədir. Turizm kompleksləri və infrastruktur layihələri ilə diqqət çəkən bu bölgədə indi ciddi maliyyə durğunluğu yaşanır.
Məsələnin pərdəarxası məqamlarını News365.az-a şərh edən politoloq Elçin Alıoğlu yarımadadakı real mənzərəni və hərbi loqistika problemlərini təhlil edib.
Vitrinin arxasındakı acı reallıq: Bahalaşma və ekoloji risklər
Politoloq bildirib ki, böyük investisiyalara rəğmən yarımadada daxili bazar və xidmət sektoru çökmək üzrədir:
Meyvə-tərəvəz bumu: Mövsüm olmasına baxmayaraq, Krımda meyvə-tərəvəzin qiyməti ən azı 50-60% artıb.
Turizmin çökməsi: Təhlükəsizlik riskləri səbəbindən otellərin qiymətləri kütləvi şəkildə aşağı düşüb.
Sahillərdə neft ləkələri: Krım sahillərində neft ləkələrinin sayı artıb və boru kəmərlərində sızmalar başlayıb. Buna səbəb Rusiyanın Ukrayna tərəfindən dəniz desantının çıxarılacağı ehtimalına qarşı aldığı tələsik müdafiə tədbirləridir.
Ukrayna dronları loqistikanı iflic edib
Elçin Alıoğlunun sözlərinə görə, Ukrayna ordusu Krımı tam təcrid edə bilməsə də, oraya gedən tədarük zəncirinə ağır zərbələr vurur:
"Ukrayna dronları və zərbə sistemləri təkcə hərbi texnikanı deyil, nəqliyyat infrastrukturunu da sıradan çıxarır. Burada əsas məqsəd Krıma daşınmaların qiymətini qaldırmaqdır. Logistika pozulduğu üçün yarımadaya mülki yüklərin daşınması orta hesabla 3-6 dəfə bahalaşıb. Lakin buna baxmayaraq, Krımı tam mənada bir 'adaya' çevirmək çox çətindir. Ukraynanın hazırda buna hərbi-texniki potensialı yetərli deyil."
5-ci ilinə girən müharibə və mövqe döyüşləri
Cəbhədəki ümumi vəziyyətə toxunan ekspert qeyd edib ki, Ukraynanın daha əvvəl Kurska etdiyi hücumların əsas məqsədi Donetsk və Luqansk istiqamətindəki Rusiyanın 6 korpus və 2 diviziyadan ibarət qüvvəsini yayındırmaq idi. Lakin hazırda hər iki tərəf tükənmə nöqtəsindədir:
"İndi həm Rusiya, həm də Ukrayna çox ağır vəziyyətdədir. Hər iki tərəf qəti hücumlara keçmək imkanında deyil, daha çox mövqe müdafiəsi ilə məşğuldurlar və intensiv dron müharibəsi aparırlar.
Rusiya müharibənin danışıqlar masasına daşınması üçün yollar axtarır və özü üçün 'minimum hədəflər' paketini hazırlayır. Çünki Rusiya hökuməti gec-tez öz ictimaiyyətinə cavab verməli olacaq: bu müharibə niyə 5 ilə yaxındır uzanır? Ona görə də yaxın perspektivdə Krımın Rusiyanın əlindən tamamilə çıxacağını və ya müharibənin taleyinin burada köklü dəyişəcəyini iddia etmək bir qədər tezdir".