Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan "Məkkə Sazişi" regionun təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sazişə əsasən, alyansın hər hansı bir üzvünə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum hesab olunacaq.
Mövzu ilə bağlı News365.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, bu addımın atılması regionda formalaşan yeni geosiyasi ittifaqlarla birbaşa əlaqəlidir.

Onun sözlərinə görə, eyni dövrdə İsrail, Yunanıstan, Kipr Respublikası və Hindistan arasında da əməkdaşlıq formatı formalaşır və bu səbəbdən Ankara Səudiyyə Ərəbistanı və Pakistanla üçtərəfli müdafiə ittifaqının yaradılmasını daha da ləngidə bilməzdi.
Politoloq xatırladıb ki, Səudiyyə Ərəbistanı ilə Pakistan arasında "Birgə Strateji Müdafiə Sazişi" ötən ilin sentyabrında imzalanmışdı. Həmin sənəddə də tərəflərdən birinə qarşı edilən hücumun hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcəyi əksini tapmışdı. Buna baxmayaraq, İranın Səudiyyə Ərəbistanına zərbələr endirdiyi dövrdə Ər-Riyad İslamabaddan hərbi dəstək istəməyib. Əksinə, Pakistan ABŞ və İran arasında vasitəçilik missiyasını yerinə yetirərək gərginliyin azaldılmasına çalışıb.
Elxan Şahinoğlunun fikrincə, buna baxmayaraq, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan yeni ittifaq İrana da ciddi mesajdır. O hesab edir ki, Tehran bu ölkələrdən hər hansı birini hədəfə alacağı təqdirdə digər iki dövlətin prosesə biganə qalmayacağını nəzərə almalıdır.
Politoloq Azərbaycanın bu ittifaqa qoşulması ehtimalına da münasibət bildirib. O qeyd edib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi, Səudiyyə Ərəbistanı və Pakistan isə strateji tərəfdaşlarıdır. Bununla belə, Azərbaycanın yeni alyansa qoşulması hazırkı şəraitdə problematik görünür.
"Əgər bu mümkün olsaydı, Azərbaycan üçlü ittifaqa elə başlanğıcdan dəvət edilərdi. Alyansın İsrailə münasibəti məlumdur. Azərbaycan isə İsraillə strateji əməkdaşlıq siyasətini davam etdirir. Məhz buna görə də Ankara, Ər-Riyad və İslamabad ölkəmizi belə bir seçim qarşısında qoymayıblar", – deyə Elxan Şahinoğlu vurğulayıb.