Tanınmış sənətkar Ceyran Haşimova emosional və diqqətçəkən açıqlamaları ilə gündəmə gəlib. O, həyatındakı səhvlərdən, peşmanlıqlardan və sənət aləmində qarşılaşdığı nankorluqlardan danışıb:
"Çünki mən elə bir səhv eləmişəm ki, bundan peşman oluram. Elədiyim səhvə görə namazda yalvarıram Allah-Təalaya. Vaxt olur inciyirəm ki, bir salam gəlmir."
Haşimova, sənətə bəxş etdiyi tələbələrindən bəzilərinin ona qarşı hörmətsizlik etdiyini və hətta efirə çıxaraq qarğış etdiklərini də deyib:
"Mən onlara dərs vermişəm, hər tərəfli. Sadəcə oxumaq yox, sənətin dərinliklərini öyrətmişəm. Amma efirdə mənə qarğış edənlər də oldu. Halbuki, mən onlara anabala kimi yanaşmışam."
Sənətkar xüsusi olaraq bəzi ifaçıların ona qarşı nankorluq etdiyini qeyd edib:
"Ən çox sevdiyim müğənni Nisə Qasımova olub. Onun uğur qazanmasında Ələkbər Tağıyevin köməyi və mənim dəstəyim olub. Amma Nisə elə nankorluq etdi ki, ona halallıq verə bilmədim."
Ceyran Haşimova həmçinin sənətdə yetişdirdiyi ifaçıların heç birinin onun sənət yolunu davam etdirməməsindən dərin təəssüf hissi keçirdiyini bildirib:
"Çox təəssüf edirəm ki, mənim ifaçılarımın heç biri bu yolu davam etdirmədi. Halbuki, mən istəyərdim ki, 'Layla' ansamblı əbədi yaşasın."
Ən sonda sənətkar həyatı və ölümü dərin şəkildə dərk etdiyini, buna görə də pislikdən və nankorluqdan uzaq olduğunu belə ifadə edib:
"Mən ölümdən qorxmuram. Əgər ölümü hər an yadında saxlayırsansa, pislikdən də, nankorluqdan da uzaq olarsan. Bu dünya müvəqqətidir."
Ceyran Haşimovanın bu səmimi və dərin açıqlamaları bir daha göstərdi ki, sənət aləmi yalnız şöhrət deyil, eyni zamanda ağrılı xatirələr və dərin duyğularla doludur.