Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son durum açıqlanıb.
News365.az-a danışan şairin köməkçisi Arif Mehmandost bildirib ki, Nəriman Həsənzadənin vəziyyəti hazırda stabildir və ev şəraitində müalicəsi davam etdirilir.
Onun sözlərinə görə, şairin yaddaşı və ümumi sağlamlıq durumu qənaətbəxşdir:
“Nəriman müəllimin səhhəti normaldır. Yaradıcılıqla da məşğul olur. Sərbəst hərəkət etməkdə çətinlik çəkdiyi üçün ona kömək edirik. Bununla belə, vəziyyəti narahatlıq doğurmur”.
Arif Mehmandost qeyd edib ki, Xalq şairi yaxınlarının və dostlarının diqqətindən kənarda qalmır. Onlar mütəmadi olaraq zəng edərək səhhəti ilə maraqlanırlar.
“Köhnə dostları daim əlaqə saxlayırlar. Xalq yazıçısı Anar da tez-tez zəng vuraraq halını soruşur. Müxtəlif səbəblərdən hər zaman ziyarət edə bilməsələr də, diqqətlərini əsirgəmirlər”, – deyə o bildirib.
Qeyd edək ki, Nəriman Həsənzadə bir müddətdir böyrək çatışmazlığından əziyyət çəkir.