Nə olsun canavar kostyum geyinə bilmir... - Tural İrfan yazır

Nə olsun canavar kostyum geyinə bilmir... - Tural İrfan yazır
09:44
Ziqmund Freyd deyirdi ki, "insan nəsli təbiətin səhvidir. Onsuz dünya daha gözəl olardı."
Din isə deyir ki, insan məxluqatın əşrəfidir. Bəli, insanlığı olan adam xilqətin əşrəfidir. Lakin insanlığı olmayan adam sürüsü isə müharibələrlə yer üzünü qana bulayan, təbiətin səhvi kimi tərənnüm olunur.
Necə ki, deyir Şah İsmayıl qarışqanı da incitməyən "mürşidi kamil" idi, həm də deyir Şeybani Xanın başını kəsdirib kəllə sümüyündən şərab qədəhi düzəltirmişdi. Şiraz hakimini doğradıb kabab çəkdirib çeginlərə yedizdirmişdi. Amma mürşidi - kamil idi. Yəni, övliya, seyid...
İnsan təzadlı varlıqdır. İçində həm mələk həm də şeytan var. Bir üzü mələk, o biri üzü şeytandır. Bəzən mələk qalib gəlir, insanı o idarə edir, bəzən də şeytan üstün gəlib o idarə edir.
Allah insanı məxluqatın əşrəfi olaraq yaratdı. Amma insan bu şərəfi saxlaya bilmədi. Elə ilk gündən Allahın sözündən çıxıb Cənnətdən qovuldu.
Heyvanların insandan qaçmasının fəlsəfəsi var. Əslində vəhşi saydığımız heyvanlar vəhşi deyil, vəhşi olan insandır. Heyvanı da vəhşiləşdirən insan qorxusudur.
Bütün heyvanlar toplaşsa, insana verilən ağıl onlara verilsə belə yer üzündə insan qədər vəhşilik törədə bilməz, qan tökə, nüvə silahı düzəldib ata bilməz.
İmam doğrayıb Peyğəmbər başı kəsən insana Allah özünü göstərmədi. Yoxsa Allaha da əl uzadardı.
Mənbələrə görə Kərbəlada müsəlmanlar Peyğəmbər soyunu genosid edib gedəndən sonra bir neçə gün şəhidlərin cənazəsi yerdə qaldı. Lakin onlara heç bir vəhşi heyvan, quzğun toxunmamışdı.
Bir gündə bütün vəhşi heyvanlar dünyada 5 adam ancaq yeyə bilər, o da nadir hallarda. Amma bir gündə milyonlarla insan milyardlarla heyvanı kəsib ətini yeyir, hətta başını da qaynadıb xaş kimi gözünə təpir. Sonra da canavara baxıb deyir, əşşi bunlar vəhşidir... Fərq odur ki, insan bıçaqla kəsib doğrayıb yeyir, canavar isə eləcə yeyir. Mahiyyət, xislət isə eynidir, nə olsun canavar kostyum geyinə bilmir...
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada