ABŞ Prezidenti Donald Tramp son günlər Ukrayna müharibəsi ilə bağlı intensiv diplomatiya aparıb. Keçirilən görüşlər və telefon danışıqları müharibənin gələcək gedişinə dair yeni siqnallar verib.
Tramp ötən gün ilk olaraq Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Fevralda gərgin keçən əvvəlki görüşdən fərqli olaraq bu dəfə münasibətlər daha dostyana olub. Zelenski təşəkkürlərini çatdıraraq ABŞ-ın və Avropanın təhlükəsizlik zəmanətlərinə ümid etdiyini bildirib. Tramp da Ukraynaya “çox yaxşı qoruma” veriləcəyini, burada ABŞ-la yanaşı Avropa dövlətlərinin də iştirak edəcəyini deyib.
Zelenskidən sonra Avropa liderlərinin də iştirakı ilə geniştərkibli görüş keçirilib. Görüşdə Böyük Britaniya Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mers, İtaliya Baş naziri Corciya Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb, NATO Baş katibi Mark Rutte və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen iştirak edib.
Avropa liderləri Trampı “praqmatik sülh qurucusu” adlandırıb və təhlükəsizlik zəmanətləri mövzusunda əhəmiyyətli irəliləyiş əldə olunduğunu açıqlayıblar. Rutte görüşləri “çox uğurlu”, Starmer isə “real nəticə verən” adlandırıb.
Tramp Avropa liderləri ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə təxminən 40 dəqiqəlik telefon danışığı aparıb. Moskva görüşü “səmimi və konstruktiv” adlandırıb, əsas müzakirə mövzusu isə Rusiya və Ukrayna nümayəndə heyətlərinin səviyyəsinin yüksəldilməsi olub.
Tramp isə açıqlamasında Putin və Zelenski arasında üçtərəfli zirvə üçün hazırlıqlara başlandığını, görüş yerinin hələ müəyyən edilmədiyini bildirib.
Trampın nümayəndəsi Stiv Uitkoff açıqlayıb ki, 15 avqustda Alyaskada keçirilən Tramp-Putin görüşündə Rusiya bəzi güzəştlərə razılaşıb. Onun sözlərinə görə, Putin Ukraynanın beş bölgəsi üzərində kompromisə açıqdır və Qərbin Ukraynaya güclü təhlükəsizlik zəmanətləri verməsini qəbul edib.
Zelenski bunu “tarixi” adlandıraraq zəmanətlərin praktik, quru, hava və dəniz müdafiəsini əhatə edən, Avropanın da daxil olacağı mexanizm olmalı olduğunu deyib.
Trampın ardıcıl görüşləri və telefon danışıqları hələlik atəşkəslə nəticələnməyib. Lakin Avropa liderlərinin də iştirakı ilə təhlükəsizlik zəmanətləri, üçtərəfli zirvə və nümayəndə heyətlərinin yüksəldilməsi kimi məsələlərdə müəyyən irəliləyiş əldə olunub.
Bununla belə, Rusiyanın müharibə davam edərkən Ukrayna şəhərlərinə PUA və raket hücumları təşkil etməsi, diplomatik prosesin hələ də çox həssas və riskli olduğunu göstərir.
News365.az son həftələrdə Ukrayna ilə bağlı prosesin xronoloji ardıcıllığını təqdim edir:
6 avqust – Trampın nümayəndəsi Stiv Uitkoff Moskvaya gedərək Putinlə görüşdü.
8 avqust – Tramp və Putin arasında görüşün keçiriləcəyi elan olundu, Kreml də təsdiqlədi.
11 avqust – Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri qeyd-şərtsiz atəşkəs çağırışı etdilər.
11 avqust – Tramp mətbuat konfransında “ərazi mübadiləsi” ideyasını ortaya atdı.
13 avqust – Zelenski Berlinə getdi, Avropa liderləri və NATO üzvləri ilə telefon danışıqları aparıldı.
14 avqust – Zelenski Londonda Böyük Britaniya Baş naziri ilə görüşdü.
15 avqust – Alyaskada Tramp və Putin zirvəsi keçirildi, konkret saziş olmasa da tərəflər “irəliləyiş” olduğunu açıqladı.
17 avqust – Avropa liderləri onlayn toplantı keçirərək bəzilərinin Vaşinqtona getməsinə qərar verildi.
18 avqust – Zelenski Vaşinqtonda Tramp ilə görüşdü, ardınca Avropa liderləri və Putinlə diplomatik təmaslar quruldu.