Uşaqlarda ünsiyyət çətinlikləri hər zaman yalnız danışıq problemi ilə izah olunmur. Bəzən bu vəziyyət davranış xüsusiyyətləri və sensor həssaslıqlarla daha sıx bağlı olur.
News365.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi-nin rəsmi sosial media platformasında keçirilən canlı yayımda Aygün Ələkbərova məlumat verib.
O bildirib ki, bəzi uşaqlarda əsas çətinlik danışmaqdan çox, ünsiyyətdən yayınma ilə əlaqədardır.
Mütəxəssisin sözlərinə görə, belə hallarda uşaq ətraf mühitlə əlaqə qurmaq istəmir və bu, çox vaxt sensor həssaslıqlardan qaynaqlanır. Bu səbəbdən də problemə yalnız nitq prizmasından yanaşmaq düzgün deyil.
Aygün Ələkbərova valideynlərin tez-tez yol verdiyi səhvlərə də diqqət çəkib. O vurğulayıb ki, uşağı “de”, “göstər”, “söylə” kimi ifadələrlə məcbur etmək vəziyyəti yaxşılaşdırmır. Əksinə, uşaq üçün uyğun mühit yaradılmalı və onun ünsiyyətə təbii şəkildə qoşulmasına şərait verilməlidir.
Loqoped qeyd edib ki, hər bir uşaq fərqlidir və yanaşma da fərdi olmalıdır. Bəzi hallarda sensor pozuntular ünsiyyətin qarşısını alır və bu zaman klassik loqopedik məşğələlər kifayət etmir.
Mütəxəssis valideynlərə peşəkar yönləndirmələrə etibar etməyi tövsiyə edib. Onun fikrincə, lazım gəldikdə uşağın psixoloq, nevroloq və ya psixiatr tərəfindən qiymətləndirilməsi, həmçinin psixopedaqoji və sensor inteqrasiya dəstəyi daha effektiv nəticə verir.
Sonda o bildirib ki, kompleks yanaşma həm uşağın inkişafını sürətləndirir, həm də ailənin üzərindəki psixoloji yükü azaldır.
News365.az