Tanınmış jurnalist Azər Rəşidoğlu özünün sosial şəbəkə hesabında səhhəti ilə bağlı paylaşım edərək son aylarda üzləşdiyi çətinliklər, aldığı dəstək və gördüyü diqqət barədə açıqlama yayıb.
Jurnalist qeyd edir ki, paylaşdığı neqativ yüklü məlumatlar onun şəxsi iradəsindən asılı olmayaraq, səhhətindəki problemlərlə bağlı olub.
News365.az xəbər verir ki, O bildirib ki, doğmalarının yas mərasimində və xəstəxana ziyarətləri zamanı belə, hisslərini gizlədərək, insanları mənfi emosiyalarla yükləməkdən çəkinib.
“Ən çox özüm neqativ informasiyalardan üzülürəm. Lakin mənəvi dəstək göstərən hər kəsə təşəkkür borcumu ödəmək və halallıq almaq istəyirəm”, – deyə Rəşidoğlu yazıb.
Azər Rəşidoğlu bildirib ki, dostları onun müalicəsi ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. O, ilkin olaraq tərəddüd etdiyini, lakin xəstəliyin irəliləməsi səbəbindən müalicənin təxirə salınmaz olduğunu vurğulayıb.
Jurnalist onu da qeyd edib ki, gələcəkdə bu proseslər barədə kitab yazmağı planlaşdırır. Bəzi həkimlər və ictimaiyyət arasında “müstəqil” kimi tanınan şəxslərin maddi və mənəvi ziyanlarına dair konkret faktlar və adlar təqdim edəcəyini bildirib.
Azər Rəşidoğlu müalicə prosesi ilə bağlı ona dəstək göstərən şəxslərin adlarını da qeyd edib. Milli Məclisin deputatları Aqil Abbas, Razi Nurulla, Elçin Mirzəbəyli və Erkin Qədirli müraciətə dərhal imza atıblar. Xalq artisti Mehriban Zəki, QHT rəhbərləri, ziyalılar və media nümayəndələrinə də təşəkkürünü bildirib.
Eyni zamanda, bəzi media rəhbərlərinin imtinasına da toxunan jurnalist bir media rəhbərinin – "general" kimi təqdim etdiyi şəxsin açıq şəkildə müraciətə imza atmaqdan imtina etdiyini qeyd edib. “İncimirəm və haqqımı halal edirəm”, – deyə bildirib.
Azər Rəşidoğlu jurnalist Eynulla Fətullayevlə münasibətlərində müəyyən anlaşılmazlıqların olduğunu da etiraf edib. Buna baxmayaraq, Fətullayevin və rəhbərlik etdiyi Haqqın.az saytının ona göstərdiyi dəstəyi yüksək qiymətləndirib: “Soyuq münasibətdə olduğu bir jurnalistə etdiyi yaxşılığın bir adı var – KİŞİLİK!”
Jurnalist Heydər Əliyev Fondunun ona göstərdiyi dəstəyi isə xüsusi olaraq vurğulayıb. Onun sözlərinə görə, Fond tərəfindən yalnız maliyyə deyil, mənəvi baxımdan da diqqət göstərilib. Fondun nümayəndələri onunla bir doğma kimi davranıblar.
“Məni Türkiyəyə yola salanda Fondun səlahiyyətlisi lazım gələrsə, ABŞ və Almaniyaya da göndəriləcəyimi bildirdi. Dedi ki, bu, cənab Prezidentin birbaşa tapşırığıdır. Müalicəm cənab Prezidentin şəxsi nəzarətindədir”, – deyə Rəşidoğlu qeyd edib.
Türkiyəyə çatdığı andan etibarən Fondun nümayəndələrinin onu qarşılayaraq yerləşdirdiklərini, müayinələrin, dərmanların və digər tibbi prosedurların tam şəkildə təmin edildiyini yazan jurnalist sonda belə deyib:
“Ən vacibi, hər an zəng gəlir: ‘Nə probleminiz var? Dövlət arxanızdadır!’”