2025-ci ilin payızında Moskvada, Rusiyada ilk dəfə olaraq müntəzəm sərnişin daşımalarını həyata keçirəcək pilotsuz tramvay istifadəyə veriləcək.
Bu barədə Moskva merinin nəqliyyat və sənaye məsələləri üzrə müavini Maksim Liksutov rəsmi "Telegram" kanalında məlumat verib.
Bildirilib ki, tramvay tamamilə pilotsuz rejimdə, paytaxtın Stroqino rayonunda fəaliyyət göstərən 10 nömrəli marşrut xətti üzrə hərəkət edəcək. Bununla belə, kabinədə və ya salonda reysi müşahidə etmək və digər vəzifələri yerinə yetirmək üçün bir nəzarətçi olacaq.
"Bu, unikal bir layihədir. İndiyədək dünyanın heç bir şəhərində bu tip nəqliyyat vasitəsi ilə müntəzəm sərnişin daşımaları təşkil edilməyib", – deyə Liksutov əlavə edib.
Bundan əvvəl Moskva metrosunun sxemi ərəb və çin dillərinə tərcümə olunmuşdu. Xarici turistlər üçün nəzərdə tutulan çap olunmuş broşüraları "Jivoye obşeniye" informasiya köşklərindən əldə etmək mümkündür.