Metal qəpiklərin modemin üzərinə qoyulduqda internet sürətini artırdığına dair yayılan fikirlər reallıqdan uzaqdır və mühəndislik baxımından əsassız sayılır.
News365.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, modemlər normal işləməsi üçün korpus üzərində yerləşən xüsusi dəliklər vasitəsilə soyudulur. Bu hissələrin üzərinin örtülməsi isə cihazın isinməsinə səbəb olur. Nəticədə modem daha zəif işləyir, bağlantıda fasilələr yaranır və daxili komponentlərin istismar müddəti azalır.
Bundan əlavə, metal səthlər radio siqnallarını əks etdirdiyindən, modemin üzərinə və ya yaxınlığına qoyulan qəpiklər siqnalın yayılmasına mənfi təsir göstərir, əlavə müdaxilələr yaradır.
Texniki baxımdan hər hansı metal obyektin siqnalı gücləndirməsi üçün xüsusi ölçü, forma və cihazla birbaşa əlaqə tələb olunur. Adi qəpik isə bu xüsusiyyətlərə malik olmadığından heç bir müsbət effekt vermir.
İnternet sürətini artırmaq üçün isə daha effektiv üsullar mövcuddur. Modemi evin mərkəzində yerləşdirmək, qarşısında maneələrin olmamasını təmin etmək və uyğun tezlik diapazonundan istifadə etmək daha doğru yanaşma hesab olunur.
Nəticə etibarilə, modemin üzərinə qəpik qoymaq sürəti artırmır, əksinə cihazın sıradan çıxma riskini yüksəldir.