ATƏT-in Minsk qrupu ilə bağlı yeni fikir səsləndirmək artıq çətindir.
News365.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev çıxışında qurumun fəaliyyətinə həm dolğun qiymət verib, həm də onun mahiyyətini dəqiq şəkildə ortaya qoyub.
“Bilirsiniz ki, Azərbaycan müstəqilliyini yenicə bərpa etdikdən qısa müddət sonra rəsmi şəkildə ATƏT-ə müraciət etmiş və vasitəçilik missiyası istəmişdi. Məqsəd ondan ibarət idi ki, ölkəmizin qarşısında yaranan böyük təhlükənin aradan qaldırılmasında beynəlxalq təşkilat öz prinsiplərinə uyğun şəkildə ədalətli mövqe sərgiləsin və Azərbaycanı bu vəziyyətdən çıxarsın”.
Sabiq xarici işlər nazirinin sözlərinə görə, gözləntilərin əksinə olaraq, bu baş vermədi:
“Təəssüf ki, proses tam fərqli istiqamətdə inkişaf etdi. O dövrdə Azərbaycan cəmiyyətində beynəlxalq münasibətlərin real mahiyyəti, mövcud qaydalar və siyasi tendensiyalar barədə təsəvvürlər yetərincə formalaşmamışdı. İnsanlarda beynəlxalq təşkilatların ədalətli davranacağına dair müəyyən illüziyalar vardı”, - deyə o bildirib.
Tofiq Zülfüqarovun fikrincə, ATƏT-in Minsk qrupu faktiki olaraq münaqişəni həll etmək üçün deyil, bölgəni münaqişə vasitəsilə idarə etmək məqsədilə yaradılmış qurum idi.
O qeyd edib ki, sonrakı proseslər də göstərdi ki, məqsəd münaqişəni həll etmək deyildi:
“Əksinə, münaqişənin müəyyən elementlərindən istifadə etməklə həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarını genişləndirmək istəyirdilər. Bunun vasitəsilə Azərbaycanın enerji resursları və strateji imkanları üzərində müəyyən təsir mexanizmləri formalaşdırmağa çalışırdılar”.
T.Zülfüqarov əlavə edib ki, müxtəlif beynəlxalq təsir mərkəzləri Azərbaycan cəmiyyətinin inkişaf istiqamətlərinə, dəyərlərinə və prinsiplərinə təsir göstərməyə cəhd ediblər.
O eyni zamanda vurğulayıb ki, illər boyu Azərbaycana qarşı hərbi təcavüz həyata keçirilsə də, işğalçı tərəf beynəlxalq təzyiqlə üzləşməyib.