Son günlərdə
Nizami metrostansiyasında qatarların hərəkət etdiyi relslərin arasından su
sızması müşahidə olunub. Bu hadisə sərnişinlər arasında ciddi narahatlıq
yaradıb və suyun mənbəyi ilə bağlı bir sıra suallar doğurub. News365.az komandası mövzu ilə bağlı
araşdırmaya başlayıb.
İlkin məlumatlara görə, bu cür hallar əsasən yağıntılı hava şəraiti ilə əlaqələndirilir. Məsələ ilə bağlı fikirlərini bildirən ekoloq Telman Zeynalov deyir ki, son günlərdə yağan güclü yağışlar yeraltı su səviyyəsinin artmasına səbəb olub və bu da metrostansiyalarda sızma hallarını intensivləşdirib:
"Son günlərdə qeydə alınan intensiv yağıntılar
nəticəsində torpaq qatları suya doyma həddinə çatıb. Bu isə təzyiqli yeraltı
suların təbii çatlar və zəif hidroizolyasiya sahələri vasitəsilə metroya
sızmasına yol açır. Bu, sadəcə texniki nasazlıq deyil, potensial təhlükədir. Əgər
bu proses nəzarətsiz qalarsa, su sızmaları metro infrastrukturuna ciddi zərər
vura və nəticədə qəza və ya insan itkisi ilə nəticələnə biləcək hadisələrə səbəb
ola bilər."
Ekoloqun fikrincə, bu cür halların qarşısını almaq
üçün təkcə yağış sularını günahlandırmaq kifayət deyil. Suyun mənbəyinin dəqiq
müəyyən edilməsi və mühəndis-geoloji tədqiqatların aparılması zəruridir.
Qeyd edək ki, metrostansiyanın divarlarının təmirli olduğu, lakin suyun birbaşa relslərin arasından axdığı müşahidə olunub. Bu da problemin təkcə yağıntılarla deyil, başqa potensial su mənbələri ilə də bağlı ola biləcəyini göstərir. İddialara görə, sızmalar Xocahəsən gölündən gələn yeraltı sularla da əlaqəli ola bilər. Bu isə təhlükənin daha geniş miqyasda ola biləcəyi ehtimalını artırır.
Bu məsələdə geoloqların fikirleridə diqqət çəkicidir. Onların sözlərinə əsasən, metronun bəzi
stansiyaları hələ sovet dövründə inşa olunduğundan, həmin vaxt aparılan geoloji
tədqiqatlar ya qeyri-kafi olub, ya da ümumiyyətlə aparılmayıb. Bu da bugünkü
problemlərin əsasını təşkil edir. Geoloqların qənaətinə görə, Nizami
metrostansiyasında genişmiqyaslı tədqiqat işləri aparılmalı, suyun mənbəyi müəyyənləşdirilməli
və dərhal təmir-bərpa tədbirlərinə başlanmalıdır.
Mütəxəssislər xəbərdarlıq edirlər: su sızmaları
metroda elektriklə çalışan sistemlərə ciddi zərər verə bilər və bu, nəinki
texniki nasazlıqlara, həm də insan həyatını təhlükəyə atan qəzalara səbəb ola
bilər.
Unutmayaq ki, bu kimi hallar vaxtında araşdırılıb
qarşısı alınmasa, sonradan "deyilmədi deməyin" deməyin
heç bir faydası olmayacaq.