Məscidlərin dağıdılmasına etiraz: keçmişə sərt baxış

Məscidlərin dağıdılmasına etiraz: keçmişə sərt baxış
13:01

"Prezident İlham Əliyevin Zəngilanda etdiyi çıxış sadəcə bir nitq deyil, köhnə beynəlxalq diplomatiya sisteminə verilmiş siyasi hökm idi. Ümummilli Lider Heydər Əliyevin doğum günündə xalqa müraciət edən dövlət başçısı açıq şəkildə göstərdi ki, Azərbaycan artıq öz təhlükəsizliyinin və regional gələcəyinin şərtlərini özü müəyyən edən mərhələyə keçib.
Təxminən otuz il ərzində ATƏT-in Minsk qrupu diplomatik uğursuzluğun və ikiüzlülüyün simvoluna çevrilmişdi. Bu strukturun artıq rəsmi şəkildə ləğv olunaraq de-yure fəaliyyətini dayandırdığı bir vaxtda açıq demək olar ki, onun məqsədi heç vaxt münaqişəni həll etmək olmayıb. Həmsədrlər yalnız vəziyyəti dondurmağa və işğalı legitimləşdirməyə çalışır, xalqımıza isə guya bu münaqişənin “hərbi həlli yoxdur” fikrini təlqin edirdilər".

News365.az xəbər verir ki, bunu deputat Tural Gəncəliyev parlamentdə çıxışı zamanı deyib.

O əlavə edib ki, bu, psixoloji təzyiq forması idi: "Otuz il davam edən “diplomatik turizm” dövründə vasitəçilər bölgəmizdən işğalçı qüvvələrin bir nəfər belə əsgərini çıxarmadılar. Şəhərlərimiz yer üzündən silinərkən, məscidlərimiz xarabalığa çevrilərkən onlar susurdular.
Prezidentin bəyanatına xüsusi kəskinlik verən məqam isə budur ki, qrupun həmsədrləri olan Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya nüvə dövlətləri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Dünyada böyük gücə malik olmalarına baxmayaraq, onlar otuz il ərzində öz qəbul etdikləri qətnamələri belə görməzlikdən gəldilər.

Biz beynəlxalq hüquqa münasibətdə açıq selektiv yanaşma ilə üz-üzə qaldıq: böyük dövlətlər yalnız öz geosiyasi maraqlarına uyğun gələn qərarların icrasını təmin edirlər. 2020-ci ildə Azərbaycan dünya miqyasında presedent yaratdı — biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını silahlı güc və siyasi iradə hesabına təkbaşına təmin etdik. Məhz buna görə də bu gün AŞPA və Avropa Parlamenti kimi institutlar absurd qətnamələr qəbul edərək və sanksiyalar tətbiq etməyə çalışaraq bizi “cəzalandırmağa” cəhd göstərirlər".
Deputat qeyd edib ki, bu gün Zəngilanda xarabalıqların yerində yeni geoiqtisadi qovşaq qurulur:  "Prezident bu rayonun beynəlxalq nəqliyyat habına çevriləcəyini bəyan etdi. Bu yeni memarlığın əsas elementi isə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək Zəngəzur dəhlizi olacaq.

Bu, bizim şərtlərimizlə qurulan sülhdür. Biz artıq bizə status-kvonun diktə edilməsinə imkan verməyəcəyik. Cənubi Qafqazın xaricdən idarə olunması dövrü başa çatıb.
Azərbaycan sübut etdi ki, ədalət sözlə deyil, əməli addımlarla bərpa olunur. Dünyaya mesajımız son dərəcə aydındır: biz sülhə hazırıq, əməkdaşlıq gündəliyi təklif edirik, lakin Ermənistanda revanşizm ideyaları yaşadığı müddətdə ayıq-sayıq qalacağıq. Zəngilan bu gün öz torpağına dağıtmaq üçün deyil, qurmaq üçün qayıdan qanuni sahibin simvoludur.”


Sizin reklam burada
Sizin reklam burada