May ayı vay ayı, yoxsa boş aydır? - Bu ayda toy etməməyin qəribə "səbəbi"

May ayı vay ayı, yoxsa boş aydır? - Bu ayda toy etməməyin qəribə "səbəbi"
02 May 2025 14:45

“Uzun illər may ayı ilə bağlı müxtəlif xoşagəlməz fikirlər səslənib. “May ayı, vay ayı” deyənlər də olub, “May ayı boş aydır” söyləyənlər də... Guya ki, bu ayda kimsə toy etsə, o ailə ya tez dağılacaq, ya da övlad üzünə həsrət qalacaq. Təbii ki, bunlar hamısı xurafatdır. Bunun heç bir əsaslandırması yoxdur”.

Bunu News365.az- a müsahibəsində ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, may ayı ilə bağlı yaradılan xofun müəyyən əsasları var:

“Bunlardan biri də odur ki, son 100 ildə ermənilər bu fikri bizim şüurumuza yeridib. Belə ki, ermənilər də 110 ildir ki, 24 apreli soyqırımı kimi qeyd edirlər. Və hər il 24 apreldən 40 gün keçənədək ermənilər heç bir şadyanalıq etmir, yas saxlayırlar. Bizimlə eyni ortamda yaşadıqları uzun illərdə də bunu bizə təlqin etilər ki, may ayında şadyanalıq, toy etmək olmaz. Beləcə, fərqinə varmadan bir çoxlarımız bu təbliğatın girovuna çevrilmişik”.
İlahiyyatçı qeyd edib ki, may ayında toy etməməklə bağlı xurafat var:

“Bu məsələ nə dində, nə də milli ənənələrimizdə yoxdur. Hətta bəziləri may ayına vay ayı deyirlər. Ancaq dinin baxışını nəzərə alaraq mən də deyə bilərəm ki, may ayı toy ayıdır. Çünki may ayı təbiətin və havanın ən gözəl dövrü, ən münasib zamanıdır. Mayda toy etmək olmaz inancı ermənilərdən keçib. Bəziləri də deyir ki, Andranikin qulağı bu ayda kəsilib deyə ermənilər şadlıq etmir”.

Tural İrfan bu xurafatın kökünü araşdırdığını da bildirib:

“Bəzi qədim astronomik kitablarda əski münəccimlər Ayın əqrəb bürcündə olduğu zamanda nikah bağlamağın fəsad verə biləcəyini qeyd ediblər. Nəsrəddin Tusi də bu haqda bildirib. Ayın əqrəb bürcündə olduqda Mars planetinin təsirində olur. Mars planetinə qədimdə Mərrix ulduzu deyirdilər. Bu zaman da müharibələr, şər qüvvələr tüğyan edir, yer üzündə insanların mənfi hissləri qabarır və sairə. Ona görə də münəccimlər tərəfindən bu ayda ümumiyyətlə müqavilə bağlamaq, əqd kəsmək, evlilik, nişan kimi işlərin təxirə salınması tövsiyə olunub. 
Amma bunun da may ayına bir aidiyyəti yoxdur. May ayı Buğa bürcünün təsirindədir. Planeti də Zöhrədir. Yəni Venera. O da şər planeti hesab olunmur. Ünsürü də torpaqdır ki, bərəkətə, ruziyə, bolluğa təhkimdir”.

Müsahibimiz sonda qeyd edib ki, may ayında toy etməmək kimi xurafi bir inancın əsaslarına nə xristianlıqda, nə yəhudilikdə, nə də İslamda rast gəlməyib:

“İslam dini xeyir işlərə tələsməyi əmr edir və heç bir təqvim gününü də xeyir işi təxirə salmaq kimi elan etmir. 365 günün hər hansı birində faydalı işlər, toy, nişan kimi mərasimlərin keçirilməsində heç bir problem yoxdur. İslam dinində matəm günü də yoxdur. Sadəcə vəfat edən şəxs üçün üç gün yas saxlamaq var. O da həmin günlərdə belə xeyir iş etmək yasaqlanmayıb, sadəcə yas sahibinə ehtiram olaraq sonraya salınması tövsiyə olunub”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada