Körpələrin ağlaması valideynlərdən deyil, gendən asılı – Yeni araşdırma

Körpələrin ağlaması valideynlərdən deyil, gendən asılı – Yeni araşdırma
10 İyl 2025 18:37

İsveçin Uppsala Universitetinin tədqiqatçıları valideynləri illərlə narahat edən bir suala aydınlıq gətiriblər: “Niyə bəzi körpələr digərlərinə nisbətən daha çox ağlayır?” Cavab sadədir – genetik faktorlar.

News365.az-ın xəbərinə görə, minə yaxın əkiz üzərində aparılan geniş miqyaslı tədqiqat göstərib ki, iki aylıq körpələrin ağlama davranışına genetikanın təsiri 50%, beş ayda isə bu göstərici 70%-ə qədər yüksəlir. Başqa sözlə, körpənin çox ağlaması valideynlərin davranışından daha çox onun irsi xüsusiyyətləri ilə bağlıdır.

Tədqiqatı aparan alimlərdən biri olan Şarlotta Viktorsson bu nəticənin valideynlər üçün təsəlli mənbəyi olduğunu vurğulayıb:

“Əgər övladınız tez-tez ağlayırsa, bu sizin günahınız deyil. Bu, genetik bir məsələdir və siz sadəcə səbirlə yanaşmalısınız.”

Bununla yanaşı, alimlər qeyd ediblər ki, körpələrin gecə tez-tez oyanması daha çox ailənin gündəlik rejimi və ətraf mühitlə əlaqəlidir. Lakin beş aydan sonra bu vərdişlərə də genetik meyllər müəyyən təsir göstərməyə başlayır.

Bu nəticələr, körpə baxımında valideynlərin üzərinə düşən təzyiqləri bir qədər də azalda və onları özlərini günahlandırmaqdan uzaqlaşdıra bilər. Gözlənildiyi kimi, tədqiqat pediatriya və psixologiya sahəsində müsbət qarşılanıb.


Sizin reklam burada
Sizin reklam burada