Köhnə binaların sökülməsi Bakıda hansı problemləri yarada bilər? - AÇIQLAMA

Köhnə binaların sökülməsi Bakıda hansı problemləri yarada bilər? - AÇIQLAMA
09:22

Bakıda köhnə yaşayış binalarının mərhələli şəkildə sökülməsi ilə bağlı planlar paytaxtda geniş müzakirələrə səbəb olub. Mütəxəssislər hesab edir ki, şəhərin yenilənməsi vacib olsa da, köhnə binaların yerində nəzarətsiz şəkildə hündürmərtəbəli yaşayış komplekslərinin tikilməsi gələcəkdə ciddi problemlər yarada bilər.

Məsələ ilə bağlı News365.az-a açıqlama verən tikinti eksperti Muxtar Ərturan bildirib ki, sovet dövründən qalan bir çox yaşayış binası artıq müasir tələblərə cavab vermir.

Onun sözlərinə görə, həmin binalarda daşıyıcı konstruksiyalar, su və kanalizasiya xətləri, elektrik sistemləri, liftlər və digər mühəndis infrastrukturu köhnəlib və yenilənməyə ehtiyac duyur.

Ekspert qeyd edib ki, əsas problem köhnə 5 mərtəbəli binaların yerində 16-20 mərtəbəli binaların tikilməsi ilə əhali sıxlığının kəskin artmasıdır:

“Əvvəllər az sayda ailənin yaşadığı ərazidə sonradan yüzlərlə ailənin məskunlaşması nəqliyyat, parkinq, su, qaz və elektrik sistemlərinə ciddi yük yaradır. Əgər bu proses əvvəlcədən düzgün hesablanmasa, yeni tikilən binalar rahatlıq deyil, əlavə problemlər yaradacaq”.

Muxtar Ərturan vurğulayıb ki, hündürmərtəbəli tikililər həyətlərin daralmasına, gün işığının azalmasına və hava dövranının zəifləməsinə də səbəb olur.

Onun fikrincə, şəhərsalma yalnız yeni bina tikməkdən ibarət deyil:

“Şəhərsalma insanın rahat yaşayışını təmin etməlidir. Yaşıllıq sahələri, məktəblər, bağçalar, yollar, dayanacaqlar və ictimai məkanlar paralel şəkildə planlaşdırılmalıdır”.

Ekspert hesab edir ki, hər bina üzrə ayrıca texniki ekspertiza aparılmalı, yalnız qəzalı və təhlükəli vəziyyətdə olan tikililər sökülməlidir. O bildirib ki, dünyanın bir çox şəhərində köhnə yaşayış fondunun tam sökülməsi əvəzinə binalar modernləşdirilir, enerji səmərəliliyi artırılır və mühəndis xətləri yenilənir.

Muxtar Ərturan əlavə edib ki, bəzi köhnə binaların yerində parkların, məktəblərin, bağçaların və ictimai məkanların salınması Bakı üçün daha faydalı ola bilər:

“Şəhərin əsas problemlərindən biri tikinti sıxlığı və açıq ictimai məkan çatışmazlığıdır. Bakı daha çox beton deyil, daha keyfiyyətli şəhər mühiti qazanmalıdır”.

Ekspertin sözlərinə görə, yenilənmə prosesi yalnız investor maraqları ilə deyil, şəhərin daşıma qabiliyyəti və sakinlərin rahatlığı nəzərə alınaraq həyata keçirilməlidir.


Sizin reklam burada
Sizin reklam burada