Hazırda ödənişlərin böyük hissəsi bank kartları vasitəsi ilə-nağdsız şəkildə həyata keçirilir. Belə ki, bir nəfərdə ən azı 2 bank kartı var. Təsadüfi deyil ki, ölkəmizdə dövriyyədə olan bank kartlarının sayı 20 milyon ədədi keçib.
Nəzərə alaq ki, istənilən bank kartının müəyyən istifadə müddəti var.Bu müddət başa çatdıqdan sonra həmin kartlar lazımısız əşyaya çevrilir. Və hətta bu kartlar hara gəldi atılır.
Bəs vaxtı bitmiş bank kartlarının toplanması və hansısa şəkildə yenidən istifadəsi üçün hər hansı bir layihə varmı?
Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, köhnə kartların toplanması üçün xüsusi bir layihə icra olunur.
Belə ki, “Təmiz Şəhər” ASC-nin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində istifadəyə yararsız plastik kartların toplanması prosesi uğurla davam edir və indiyədək istifadə müddəti bitmiş minlərlə plastik kart toplanaraq yaradıcı şəxslərə yönləndirilib.
“Card to ART” (Kartdan Sənətə) sosial layihəsi artıq növbəti mərhələyə keçərək real nəticələr verməyə başlayıb Layihənin əsas məqsədi plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaqla yanaşı, bu tullantılara ikinci həyat qazandırmaqdır. Hazırda müxtəlif məkanlarda yerləşdirilmiş xüsusi toplama qutuları vasitəsilə toplanan plastik kartları rəssamlar və sənətkarlar müxtəlif incəsənət nümunələrinə çevirəcəklər.
Müxtəlif janrlarda hazırlanan əsərlərdə plastik kartların forma, rəng və tekstura imkanlarından geniş istifadə edilir. Bu yanaşma tullantıya fərqli baxış formalaşdırmaqla yanaşı, cəmiyyətdə ekoloji düşüncənin təşviqinə də xidmət edir.
Layihənin növbəti mərhələsində hazırlanmış sənət əsərlərinin geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Bu məqsədlə Heydər Əliyev Foondunun təşəbbüsü ilə “Tullantıdan sənətə” muzeyində “Card to ART” sərgisinin təşkili planlaşdırılır. Sərgi vasitəsilə həm layihənin nəticələri nümayiş etdiriləcək, həm də tullantıların təkrar istifadəsinin əhəmiyyəti barədə maarifləndirmə işi aparılacaq.
“Card to ART” layihəsi eyni zamanda korporativ sosial məsuliyyət platforması kimi genişlənməkdədir. Plastik kartlardan istifadə edən qurumlar, xüsusilə banklar və xidmət təşkilatları layihəyə aktiv şəkildə qoşularaq yararsız kartların toplanmasına dəstək verirlər. Bu əməkdaşlıq modeli ekoloji problemlərin həllində birgə fəaliyyətin effektiv nümunəsi kimi çıxış edir.
Hazırda layihə çərçivəsində toplama prosesinin daha da genişləndirilməsi, yeni tərəfdaşların cəlb olunması və yaradıcı istiqamətin inkişafı prioritet olaraq müəyyən edilib. “Təmiz Şəhər” ASC bütün maraqlı tərəfləri bu ekoloji təşəbbüsə qoşulmağa və plastik tullantıların dəyərə çevrilməsi prosesində iştirak etməyə dəvət edir.
“Card to ART” sosial layihəsi sübut edir ki, düzgün yanaşma və yaradıcılıq sayəsində tullantılar sadəcə problem deyil, eyni zamanda yeni imkanlar mənbəyidir.
News365.az




