Rusiyanın dondurulmuş aktivlərindən Kiyevə vəsaitin verilməsini nəzərdə tutan ERA təşəbbüsü çərçivəsində Ukraynanın dövlət büdcəsinə Avropa İttifaqından(Aİ) 3 milyard avro daxil olub.
Bu barədə Ukraynanın baş nazir Denis Şmıxal məlumat yayıb.
"Bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin olunmuş Avropa İttifaqı vəsaitlərinin ilk tranşıdır. Ukrayna bu resursu prioritet büdcə xərclərinə yönəldəcək", - o, qeyd edib.
Ukrayna rəsmisi qeyd edib ki, ümumilikdə G7 ERA təşəbbüsü Ukraynaya 50 milyard dolların göndərilməsini nəzərdə tutur ki, bunun da 20 milyard dollarını Avropa İttifaqı verəcək.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.