Amerikalı milyarder İlon Mask Kanadanın Baş naziri Castin Trüdonun ölkəsinin suverenliyi barədə paylaşımını ələ salıb və onu “qız” adlandırıb.
News365.az xəbər verir ki, İlon Mask bu barədə sahib olduğu “X” sosial şəbəkəsində yazıb.
Belə ki, Trüdo “X” hesabında paylaşım edərək ölkəsinin heç bir halda ABŞ-nin bir hissəsi olmayacağını yazıb. Bununla belə, o qeyd edib ki, Ottava və Vaşinqton ticarət və təhlükəsizlik məsələlərində vacib tərəfdaşdırlar və bu əməkdaşlıq hər iki dövlətin vətəndaşlarının xeyrinədir.
Bunun ardınca, Mask kanadalı rəsminin paylaşımına “Qız, sən artıq Kanadanın qubernatoru deyilsən, buna görə də nə dediyinin heç bir əhəmiyyəti yoxdur” şərhini yazıb.
Bu, İlon Maskın sosial şəbəkədə birmənalı qarşılanmayan ilk belə addımı deyil. Bundan əvvəl bir qrup britaniyalı yüksəkvəzifəli şəxsin milyarderin sosial şəbəkələrdəki paylaşımlarına görə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa müraciət etdiyi məlum olmuşdu. Onlar Trampı milyarderlə münasibətləri yenidən nəzərdən keçirməyə çağırmışdılar.
Xatırladaq ki, C.Trüdo bir neçə gün əvvəl istefa vermək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, partiya sədrliyindən istefa versə də, baş nazir postunda vəzifələrini hələlik icra edəcək. Baş nazir bununla yanaşı parlamentin martın 24-dək buraxılacağını da bildirib.
Onu da qeyd edək ki, Donald Tramp Kanadanın 51-ci ştat olaraq ABŞ-nin tərkibinə qatılmasını ötən il dekabrın 3-də Trüdo ilə görüşdə təklif etmişdi.