Təhlükəsizlik eksperti İlham İsmayıl Kırım Körpüsünə son hücumları şərh edərək bildirib ki, bu, artıq üçüncü belə hadisədir və 2023-cü ildəki hücum da ciddi nəticələr doğurmuşdu.
News365.az xəbər verir ki, onun sözlərinə görə, son əməliyyat da öz xarakterinə görə unikal hesab olunur.
"Bu, sadəcə körpünün vurulması deyil, kompleks və texnologiya əsaslı bir əməliyyat idi. 'Yük Marşı' adlandırılan bu hücumun mahiyyəti hələ tam açıqlanmayıb, lakin onun təsir gücü çox yüksək idi," – deyə İsmayıl vurğulayıb.
Ekspert qeyd edir ki, Kırım Körpüsü yalnız Rusiya ilə Krımı birləşdirmək məqsədi daşımır, həm də Ukrayna cəbhəsinə silah-sursat və logistik dəstəyin daşınmasında əsas rol oynayır. Bu səbəbdən körpü hərbi-strateji baxımdan prioritet hədəf olaraq qalır.
"Bu artıq üçüncü hücumdur. Demək ki, dördüncü və beşinci hücumlar da mümkündür və heç də istisna olunmur. Körpü Rusiya üçün strateji damar sayılır," – deyə o əlavə edib.
İlham İsmayıl bildirir ki, hücumlar əsasən pilotsuz uçuş aparatları (dronlar) vasitəsilə həyata keçirilir. Bu cür hücumlar texniki baxımdan çətin olsa da, texnologiyanın inkişafı nəticəsində onların effektivliyi artıb.
"Dronların hər birində faktiki olaraq aparatör olur və bu aparatörlərin birbaşa idarəetməsi ilə hücumlar həyata keçirilir. Texnologiya bu səviyyəyə gəlib ki, artıq Rusiya ərazisində – Murmanskda, İrkutskda olduğu kimi – Kırım Körpüsünə də bu cür müdaxilələr etmək mümkündür," – deyə ekspert qeyd edib.
O, həmçinin bildirib ki, bu əməliyyatların arxasında Ukrayna Təhlükəsizlik Xidməti və xüsusi təyinatlı qüvvələrin peşəkar fəaliyyəti dayanır:
"Əməliyyatların planlaşdırılması və icrası, istər Rusiya ərazisində, istərsə də Kırımda – sualtı və ya yerüstü şəraitdə – yüksək hazırlıqlı qruplar tərəfindən həyata keçirilir."
İlham İsmayılın fikrincə, beynəlxalq texnoloji dəstək və xarici ölkələrin yardımı da bu tip əməliyyatların mümkünlüyünü artıran əsas amillərdəndir.