Kardioloq xəbərdarlıq edir: Ürək tutmasının əlamətləri və ilk yardım

Kardioloq xəbərdarlıq edir: Ürək tutmasının əlamətləri və ilk yardım
14:07

İnfarktın yaşı cavanlaşıb. Niyə?

Kardioloq İdirs Xəlilov News365.az-a açıqlamasında bildirib ki, miokard infarktı (Mİ), yəni ürək tutması, ürək əzələsinə qan təhcizatının qəfil dayanması nəticəsində yaranan zədələnmə və ölümdür. Adətən halların 95%-də səbəb koronar damarların trombozu (qanın laxtalanması) və aterosklerozu (damar divarlarında xolesterinin yığılması), 5%-də isə tam sağlam damarların qəfil spazmıdır.

İlk simptomlar:

Döş sümüyü ortasında kəskin, dözülməz ağrı, sol qola, çiyinə, kürəyə, boyuna və ya çənəyə yayıla bilər.

Soyuq tər, ürəkbulanma, qusma, nəfəs darlığı, həyəcan, qorxu və başgicəllənmə.

Bəzi hallarda ağrı döş qəfəsinin solunda və ya sağında, mədə nahiyəsində, hər iki qolda, barmaqlarda olur; diabetli xəstələrdə isə ağrısız ola bilər.

Miokard infarktının cavanlaşması və artmasının əsas səbəbləri:

1. Stresin artması

2. Passiv həyat tərzi

3. Düzgün qidalanmamaq

4. Artıq çəki

5. Vaxtında müayinə olunmamaq

6. Vaxtında müalicə olunmamaq

Kardioloq qeyd edib ki, son 20 ildə müasir diaqnostik metodlar və invaziv, cərrahi müdaxilələr sayəsində insanların ömrü 25–30 il artıb.

İlk yardım tədbirləri:

1. Panikaya düşməmək.

2. Hər hansı işi dayandırmaq, rahat yerdə – stulda və ya divanda oturmaq. Başı qabağa əymək, ayaqları horizontal vəziyyətdə uzatmaq.

3. Qapını açıq saxlamaq.

4. Təcili yardıma (103) zəng edib dəqiq ünvanı bildirmək.

5. Ən yaxın insanlara mesaj göndərmək.

6. Dil altında bir tablet nitroqliserin əritmək və 100 mq aspirin çeynəmək; ağrı davam edərsə, hər 5 dəqiqədən bir nitroqliserin təkrar edilə bilər.

7. Dərin, aramla burundan nəfəs almaq.

Əgər xəstə hüşünü itirərsə, yaxınlarda olanlar onu yerə uzadıb qapalı ürək masajına hazır olmalıdırlar.

Kardioloq İdirs Xəlilov bildirib ki, Mİ zamanı vaxtında göstərilən yardım həyat qurtara bilər.


Sizin reklam burada
Sizin reklam burada