Kanye Uestin Böyük Britaniyaya girişi qadağan edildi

Kanye Uestin Böyük Britaniyaya girişi qadağan edildi
07 Apr 2026 22:20

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi ABŞ-li repçi Kanye Uestin ölkəyə girişini qadağan edib.

News365.az xəbər verir ki, bu barədə "BBC" yayım korporasiyası nazirliyin bəyanatına istinadən məlumat yayıb.

Kanye Uest bu yay Londonda keçiriləcək "Wireless" musiqi festivalında iştirak etməyə hazırlaşırdı. Lakin ona Böyük Britaniyaya giriş üçün icazə verilməyib. Ölkənin Daxili İşlər Nazirliyi hesab edib ki, onun ictimai çıxışları "cəmiyyətin rifahına" xidmət etməyəcək.

Daha əvvəl bildirilmişdi ki, dörd şirkət "Wireless" festivalına sponsorluq etməkdən imtina edib. Buna səbəb Kanye Uestin tədbirin hedlayneri (festivalın finalında çıxış edən əsas və ən məşhur iştirakçı) elan olunmasıdır. Festivalın iyul ayında Londonun Finsberi parkında keçirilməsi və repçinin ardıcıl üç gün ərzində çıxış etməsi planlaşdırılırdı. Uest sonuncu dəfə Böyük Britaniyada 2015-ci ildə Qlastonberi festivalında səhnəyə çıxıb.

Repçi son illərdə, xüsusilə nasizm və köləlik mövzularında səsləndirdiyi fikirlər, eləcə də bəzi hallarda nasist simvollarını nümayiş etdirməsi ilə tez-tez qalmaqallara səbəb olub. Belə ki, 2025-ci ilin may ayında yayımladığı mahnının nəqarət hissəsində nasist salamını xatırladan ifadə işlədib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer repçinin əvvəlki antisemit bəyanatlarını və nasizmi tərifləyən fikirlərini nəzərə alaraq, onun festivala dəvət olunmasını "böyük narahatlıq doğuran" hal kimi qiymətləndirib.

Sənətçi isə "Wireless" festivalı ətrafında yaranmış qalmaqallar fonunda Böyük Britaniya yəhudi icmasının nümayəndələri ilə görüşməyə hazır olduğunu bildirib. Britaniya Yəhudilərinin Nümayəndələr Şurası isə cavab olaraq Uestlə görüşə maraqlı olduqlarını ifadə edib, lakin əvvəlcə onun festivalda çıxışdan imtina etməsinin vacibliyini vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada