Şimali Amerikanın şimalında yerləşən və bütün dünyanın ilham aldığı ən nüfuzlu ölkələrdən biri. XV əsrə qədər aborigen yerlilərin yaşadığı, sonrasında isə başlayan müstəmləkələşmə prosesi ilə bu günkü adını və formasını almış bir sivilizasiya. Ərazi baxımından Amerika qitəsinin ən böyük ölkəsidir və dünya üzrə isə yalnız Rusiyadan sonra ikinci ən böyük coğrafi sahəyə malikdir.
Təbii gözəllikləri və geniş torpaqları ilə tanınan Kanada, iqtisadi və texnoloji baxımdan qonşusu olan Amerika Birləşmiş Ştatlarına bənzədilir. Lakin kanadalılar özlərini daha çox Britaniya və Fransa mədəniyyəti ilə eyniləşdirirlər. Eyni zamanda əhalinin çox kiçik bir hissəsi Latın və ya Afrika mənşəli şəxslərdən ibarətdir.
Ottawa şəhəri ölkənin paytaxtıdır və 2021-ci il etibarilə ümumi əhalisi təxminən 40 milyon nəfər təşkil edir. Kanada sahib olduğu saysız gözəllik və imkanlarla dünyanın yaşamaq üçün ən əlverişli ölkələrindən biri sayılır desək, yəqin ki, mübaliğə etmiş olmarıq. Onsuz da siz bu videoya kliklədiyiniz zaman Kanada haqqında əsasən qibtə ediləsi müsbət fikirlər eşidəcəyinizi az çox təxmin etmişdiniz. Belə ki, vergi ödəməyin insanlar üçün əziyyət olmadığı, milli gəlirin dünya standartlarının üzərində olduğu, texnologiya və əczaçılıq sahəsində zirvədə olan bu ölkə dünyanın ən böyük 10 iqtisadiyyatı arasında göstərilir. Əlbəttə, bir ölkədə gəlir yüksəkdirsə və inkişaf səviyyəsi varsa, onun saf və təmiz bir təbiət cənnətinə sahib olması da təəccüblü görünmür. Çünki bu ölkə ixracatdan əldə etdiyi gəlirlərlə xalqına və ətraf mühitə ciddi investisiyalar yatırır. Elə buna görə də ölkədə utandırıcı cinayətlər demək olar ki, baş vermir. Hətta yerli əhalinin demək olar ki, hər birinin özünə məxsus geniş evləri var.
Əgər siz bu ölkədə yaşayırsınızsa, yəqin ki, pandemiya dövründə belə rahatlıq və xoşbəxtlik içində qala bilmisiniz. Bir az əvvəl qeyd etdiyim kimi, bu ölkə nəhəng bir əraziyə sahibdir. Ancaq bu, hər bir torpaq sahəsində yaşayış kompleksləri, villalar və göydələnlər tikildiyi anlamına gəlmir. Çünki kanadalılar sahib olduqları yaşıllığın məhv edilməsini istəmədiklərindən torpaqların böyük bir hissəsini yaşayış və tikinti üçün qapalı saxlayıblar. Xüsusilə meşə ərazilərinə heç bir şəkildə toxunmağa imkan vermirlər. Daha çox Ontario kimi əyalətlərdə məskunlaşırlar.
Məsələn, Toronto ölkənin şərq hissəsində yerləşən olduqca böyük bir şəhərdir. Ölkə bu qədər geniş əraziyə sahib olduğu üçün dünyanın ən uzun quru sərhəd xətti Kanada ilə ABŞ arasında çəkilmişdir — düz səkkiz min kilometr. Kanadanı ön plana çıxaran digər bir amil isə dünyanın üçüncü ən böyük neft ehtiyatlarına sahib olmasıdır. Onlar neftdən çox ciddi gəlirlər əldə edirlər. Bundan əlavə, ABŞ və Rusiyadan başqa kosmosa peyk göndərə bilən nadir ölkələrdən biridir. Tutaq ki, siz bir tələbəsiniz və həm səyahət etmək, həm də keyfiyyətli təhsil alaraq həyatınıza rəng qatmaq istəyirsiniz. O zaman Kanadanı mütləq nəzərə almalısınız. Çünki bu ölkə təhsil standartlarını çox inkişaf etdirib və Kanadada təhsil alan insanlar həyatlarında çox uğurlu yerlərə gəliblər.
Tələbələr üçün yüksək səviyyəli təhsil proqramları təklif edən Kanada, onlara müxtəlif təqaüd imkanları da yaradır. Bu səbəbdən bir çox mühacir insan təhsil almaq üçün Kanadaya köç edir. Mühacirlər Kanadalıları dözümlü və mehriban insanlar kimi təsvir edirlər. Ölkədə əsasən fransız və ingilis dilləri danışılır. Eyni zamanda, Hollandiya və İslandiyada olduğu kimi Kanadada da eynicinsli evliliklər tamamilə qanunidir. Ölkənin pul vahidi Kanada dollarıdır və bir Kanada dolları təxminən 1 manat 20 qəpiyə bərabərdir.
Dini baxımdan desək, əhalinin çoxu xristianlığa bağlıdır. Belə ki, xalqın yarıdan çoxu özünü xristian sayır. Kanadanı bizim ölkəmizdən fərqləndirən qeyri-adi xüsusiyyətlər də var. Məsələn, dünyadakı qütb ayılarının böyük bir hissəsi həmin torpaqlarda yaşayır. Hətta bu ayılar ac qaldıqları zaman insanların yaşadıqları ərazilərə doğru gəlirlər. Buna görə də insanlar mümkün ayı hücumlarından qaçmaq üçün adətən avtomobillərini kilidləmirlər. Vəziyyət o qədər ciddidir ki, qütb ayıları üçün hətta həbsxana da tikilib. Çünki bu ayıların xalqı daim narahat etməsi insanlar üçün əsl kabusa çevrilib. Əgər siz orada turistsinizsə və çölə çıxanda qütb ayısı ilə göz-gözə gəlsəniz, təəccüblənməyin.
Kanada dünyada meşəlik sahələrin ən böyüklərindən birinə sahibdir və sözün əsl mənasında unikal göl cənnətidir. Bundan əlavə, dünyaca məşhur təbii möcüzə olan Niagara şəlaləsi də Kanadada yerləşir. Bu şəlalənin Arktikadan gələn buz kütlələrinin yaratdığı çökəkliklərdən əmələ gəldiyi və 12 min illik tarixi olduğu güman edilir.
Kanada tarixi əvvəlki dövrlərə aid izlər də daşıyır. Belə ki, bu ölkə bir zamanlar dinozavr cənnəti kimi tanınıb. Alberta Əyalət Parkında bir çox dinozavr qalıqları tapılıb və bu səbəbdən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Muzeydəki dinozavr qalıqlarının təxminən 100 milyon illik bir tarixi olduğu düşünülür.
Kanadanı maraqlı edən xüsusiyyətlər bunlarla bitmir. Toronto şəhərində yerləşən Yonge Street dünyanın ən uzun küçəsi adını alıb və uzunluğu tam 1896 kilometrdir. Ontario gölündən başlayır və avtomobillə belə o küçənin sonuna çatmaq çox çətindir. Şəhərin ən canlı və məşhur küçələrindən biridir və üzərində yüzlərlə əyləncə mərkəzi yerləşir.
Dünyanın bu qədər şimalında yerləşən bir ölkəyə getmisinizsə, şimal ışıqlarını görməmək mümkün deyil. İslandiya və Norveçdə olduğu kimi Kanadada da şimal işıqları tez-tez müşahidə olunur. Yaşıl və bəzən solğun qırmızı işıqlarla səmanı işıqlandıran bu görüntülər insanlara möhtəşəm vizual bir şou yaşadır və təkcə bu səbəblə belə hər il milyonlarla turisti ölkəyə cəlb edirlər.
Digər tərəfdən, əminəm ki, Amerika istehsalı film və seriallarda bir çox dəfə Milad ənənəsini görmüsünüz. Kanada, Milad bayramının əsl çıxış nöqtələrindən biridir. Buna görə də hər il Milad vaxtı dünyanın müxtəlif yerlərindən milyonlarla məktub Kanadaya göndərilir. Xüsusilə uşaqlar Milad zamanı arzularını bu məktublara yazırlar və Kanada dövləti bu məktublara tam 30 dildə cavab verir.
Dünyada futboldan sonra ən çox maraq görən idman növü olan basketbol tamamilə Kanada mənşəlidir. Lakin bu ölkədə basketboldan və futboldan daha çox ön planda olan bir idman növü var ki, o da buz hokkeyidir və ölkənin milli idman növü sayılır.
Bütün bu deyilənlər sizə maraqlı gəlibsə belə, əgər soyuq iqlimləri sevmirsinizsə, bu ölkədə uzun müddət qala bilməzsiniz. Çünki Kanada üçün “Mars qədər soyuqdur” desək, yanılmarıq. Belə ki, 80 il əvvəl Kanadada temperatur -63 dərəcəyə qədər enmişdi. Bu da Marsın səthindəki temperaturla eyni səviyyədədir. Orta hesabla qış aylarında isə temperatur -25 dərəcə civarındadır. Xüsusilə isti iqlimdən gələn tələbə və turistlər Kanada soyuğuna qarşı çox çətinlik çəkirlər.
Lakin bəzi Kanadalı sahibkarlar bu vəziyyəti belə qazanca çevirməyi bacarıblar. Qısa desək, Kanada dünyanın ən qeyri-adi otellərinə də ev sahibliyi edir. Bu ölkədə tonlarla qar və buzdan tikilmiş otellər var və qeyri-adi memarlığı ilə seçilir. Bu otellər fərqli konseptlərlə xidmət göstərərək müştərilərin marağını çəkməyə çalışırlar. Kanada bütün bu xüsusiyyətləri ilə mütləq gedib görülməsi gərəkən nadir ölkələrdən biridir. Əgər siz təbiətə heyranlıq duyan bir səyahətçisinizsə və soyuq iqlimləri sevirsinizsə, yüksək gəlir imkanları ilə bu ölkədə xoşbəxt bir həyat yaşaya bilərsiniz.
Kanada son illər ərzində azərbaycanlıların daha çox maraq göstərdiyi ölkələrdən birinə çevrilib. Bu ölkəyə təhsil, iş, müvəqqəti ziyarət və ya daimi yaşamaq məqsədilə getmək istəyənlərin sayı durmadan artır. Bəs Azərbaycandan Kanadaya getmək üçün hansı addımları atmaq lazımdır?
Əgər turist kimi getmək istəyirsinizsə, "Temporary Resident Visa üçün müraciət etməlisiniz. Ərizə onlayn və ya kağız formada təqdim edilə bilər. təhsil almaq istəyənlər isə, əvvəlcə universitet və ya kollecə qəbul olunmalı, daha sonra tələbə vizası üçün müraciət etməlidirlər. Kanadada işləmək üçün isə əvvəlcə oradakı işəgötürəndən iş təklifi almaq lazımdır. Bundan sonra Work Permit və ya immiqrasiya proqramları vasitəsilə daimi yaşamaq hüququ qazanmaq olar.
Azərbaycandan Kanadaya birbaşa uçuşlar olmasa da, İstanbul, Frankfurt, Doha, Dubay kimi şəhərlərdən tranzitlə getmək mümkündür. Uçuş qiymətləri mövsümə və biletin alınma vaxtına görə dəyişir, orta hesabla 700-1500 dollar arasında olur.
Kanadaya getməzdən əvvəl səyahət sığortası almaq tövsiyə olunur. Xüsusilə tələbələr və turistlər üçün bu, vacibdir. Həmçinin, viza üçün biometrik məlumatların təqdim edilməsi də tələb olunur. Bunun üçün Bakıda yerləşən VFS Global – Kanada Viza Mərkəzinə müraciət edilməlidir.
Nəticə etibarilə, Azərbaycandan Kanadaya getmək istəyirsinizsə, proseslər əvvəlcədən planlaşdırılmalı və sənədlər tam və düzgün şəkildə təqdim olunmalıdır. Rədd cavabı almamaq üçün rəsmi vebsaytlardan (ekranda gostər) (Canada.ca) istifadə etməyiniz və ya təcrübəli miqrasiya məsləhətçilərindən dəstək almanız tövsiyə olunur. Kanada həm sosial təminat, həm təhsil, həm də təhlükəsizlik baxımından yüksək səviyyədə bir ölkədir. Əgər məqsədiniz dəqiqdirsə və bütün şərtləri yerinə yetirirsinizsə, bu ölkəyə getmək sizin üçün əlçatmaz deyil.
Kamal Hüseynli