Macarıstanda
seçkilər sona çatdı. Və Viktor Orban müxalifətə uduzdu. Beləliklə onun 16 illik
iqtidarına son verildi.
Bu dəyişiklik
Avropada və dünyada hansı yelləri əsdirəcək?
Mövzu ilə
bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, bu nəticə
Macarıstan daxilində siyasi dəyişiklikdən çox geniş geosiyasi balansın göstəricisidir:
“Orban
Donald Trump üçün Avropada uyğun siyasi fiqur idi və açıq şəkildə dəstəklənirdi.
Eyni zamanda onun siyasəti Rusiya və Çin üçün də əlverişli idi. Bu baxımdan
Orban Qərb daxilində alternativ xəttin daşıyıcısı idi.
Azərbaycan
üçün isə Orban fərqli mənada əhəmiyyətli idi. O, Azərbaycanı Macarıstanın
iqtisadi siyasətində prioritet tərəfdaşlardan biri kimi qiymətləndirirdi.
Enerji əməkdaşlığında Bakını Avropa üçün mühüm təminatçı kimi təqdim edir,
strateji tərəfdaşlıq xəttini ardıcıl şəkildə dəstəkləyirdi. Yüksək səviyyəli təmaslar
və siyasi dəstək bu münasibətləri daha da gücləndirirdi.
Amma eyni
zamanda Orban Avropa İttifaqı daxilində ən problemli liderlərdən biri hesab
olunurdu. Bir çox qərarların qəbulunda maneə yaradır, birlik daxilində
parçalanma riskini artırırdı. Bu səbəbdən onun hakimiyyətdə qalması Aİ üçün
arzuolunan deyildi.
Nəticə göstərdi
ki, Aİ qlobal miqyasda təsir imkanlarını tam gücləndirə bilməsə də, öz daxilində
siyasi nəzarəti hələ də saxlaya bilir və strateji maraqlarını qorumaq qabiliyyətinə
malikdir.
Orbanın məğlubiyyəti
ilk növbədə Avropada Rusiyaya yaxın xəttin zəifləməsi kimi oxunmalıdır.
Macarıstan
iqtisadiyyatına gəlincə isə, o, Avropa ölkələri ilə müqayisədə orta səviyyədə
qiymətləndirilir. Amma iqtisadiyyat xarici investisiyalardan və Aİ-dən gələn
maliyyə dəstəyindən çox asılıdır.
Yeni hökumət
Aİ ilə münasibətləri normallaşdırsa, bu, ölkəyə daha çox maliyyə və investisiya
cəlb edə bilər və iqtisadi sabitliyi gücləndirə bilər.
Azərbaycana
gəldikdə isə vəziyyət daha praqmatikdir. Ölkənin balanslı və strateji
xarici-iqtisadi siyasəti, xüsusilə enerji resursları və etibarlı tərəfdaş imici
Macarıstanda hakimiyyətə gələcək yeni komanda ilə də yüksək səviyyəli əməkdaşlığı
davam etdirməyə imkan verəcək.
Çünki bu əməkdaşlıq
şəxslərə yox, maraqlara əsaslanır.
Macarıstanla
birgə həyata keçirilən strateji layihələr, o cümlədən yaşıl enerji dəhlizi üzrə
təşəbbüslər (Rumıniya və Macarıstanla imzalanmış memorandum çərçivəsində) bu
münasibətlərin davamlı xarakter daşıdığını göstərir.
Əlqərəz,
Orban getdi, amma Azərbaycan və Macarıstan əməkdaşlığı qalacaq”.
News365.az