Hörmüz boğazında ABŞ-ın başlatdığı hərbi blokada regionda gərginliyi artırıb və yeni münaqişə risklərini gündəmə gətirib.
Bu barədə politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, blokada zahirən İrana qarşı yönəlsə də, əslində daha geniş geosiyasi mesaj daşıyır.
Ekspert qeyd edib ki, əməliyyatı dəstəkləmək məqsədilə bölgəyə 15-dən çox ABŞ hərbi gəmisi cəlb olunub. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS George H. W. Bush aviadaşıyıcısı isə Cəbəllütariq boğazını keçərək Aralıq dənizinə daxil olub və yaxın günlərdə əməliyyat zonasına çatacağı gözlənilir.
Politoloqun fikrincə, bu prosesdən ən çox narahat olan tərəf Çindir. Pekin regiondan enerji asılılığı səbəbilə vəziyyəti iqtisadi təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və artıq hərbi donanmasını Fars körfəzi yaxınlığında saxlayacağını açıqlayıb.
“Tərəflərin addımları göstərir ki, Çin donanmasının bölgədə “müşayiət” missiyası yalnız müdafiə xarakteri daşımır, eyni zamanda siyasi mesajdır. Pekin bununla ‘mən də buradayam’ siqnalı verir”, – deyə ekspert vurğulayıb.
Turan Rzayev hesab edir ki, ABŞ üçün əsas strateji rəqib məhz Çindir və Vaşinqtonun diqqətinin tədricən bu istiqamətə yönələcəyi gözləniləndir. Bununla belə, tərəflərin birbaşa hərbi toqquşmadan yayınmağa çalışacağı qeyd olunur.
Ekspertin sözlərinə görə, mövcud vəziyyət açıq müharibədən daha çox qarşılıqlı güc nümayişi ilə müşayiət oluna bilər. Bu isə 21-ci əsrdə yeni bir “böhran ssenarisi” – şərti olaraq “Hörmüz böhranı”nın yaranması ehtimalını gücləndirir.
Politoloq vurğulayıb ki, bu ssenari hələlik ehtimal xarakteri daşısa da, ABŞ-ın bölgəyə hərbi qüvvə toplaması və Çinin paralel addımları vəziyyətin ciddiliyini artırır.
Politoloq Turan Rzayev