İtaliya hüquq-mühafizə orqanları Rusiyanın sanksiyalar altındakı “kölgə donanması”na aid olduğu bildirilən bir yük gəmisini saxlayıb.
Gəmi Novorossiysk limanından yüklənmiş 33 min ton dəmir daşıyıb.
İtaliya qurumlarının açıqlamasında qeyd olunur ki, sözügedən gəmi 2025-ci il noyabrın 13-dən 16-dək Novorossiysk limanında olub. Bununla belə, istintaq materiallarına əsasən, ekipajın real marşrutu və mövqeni gizlətmək məqsədilə limana daxil olmamışdan əvvəl GPS və transponder sistemlərini söndürdüyü ehtimal edilir.
Hadisə ilə bağlı dörd nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlar idxalçı, gəmi sahibi və ekipajın iki üzvüdür. İtaliya prokurorluğu yükün müsadirə edilməsi barədə qərar çıxarıb.
Xatırladaq ki, Avropa İttifaqı 2022-ci ildə Rusiyadan metallurgiya məhsullarının idxalına qarşı sanksiyalar tətbiq edib. Rəsmi Roma bu əməliyyatın məhz həmin sanksiyaların pozulması şübhəsi ilə araşdırıldığını bildirib.