İsrail niyə müharibəyə başlayıb? - "The Economist" detalları yaydı

İsrail niyə müharibəyə başlayıb? - "The Economist"  detalları yaydı
11:55

İsrail İranın nüvə alimləri ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri komandanlığı arasında nüvə başlığı olan raketin yaradılmasını müzakirə etməsinə dair görüş barədə kəşfiyyat məlumatı aldığı üçün İranla müharibəyə başlayıb. Bu barədə “The Economist” yazıb.


Nəşr yazır ki, İsrailin həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertlərindən İranın qeyri-müəyyən zənginləşdirmə səviyyəsinə malik bəzi nüvə materialını gizlətməsi barədə məlumat aldığı iddia edilir. Qeyd olunur ki, bu məlumatın doğruluğu mübahisəlidir.

Nəşrin mənbələrinə görə, İsrail əldə etdiyi məlumatları İranın nüvə silahı yaratmağa hazırlaşarkən “geri dönüş nöqtəsi”nə çatmasının əlaməti hesab edib. Eyni zamanda, “The Economist” yazıb ki, İran zərurət yaranarsa, nüvə silahının sürətlə yaradılmasını təmin etmək üçün altı il əvvəl gizli qrup yarada bilərmiş. İrana hücum başlayandan sonra İsrailin bu dosyeni Qərb ölkələri ilə paylaşdığı bildirilir.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural


Sizin reklam burada
Sizin reklam burada