İranda müharibədən sonra daxili təzyiqlər artdı

İranda müharibədən sonra daxili təzyiqlər artdı
14:59

12 günlük müharibədən sonra İran hakimiyyətinin daxildə mövqelərini möhkəmləndirmək məqsədilə repressiv addımlar atacağı əvvəlcədən gözlənilən idi.

Bunu Politoloq Aydın Quliyev News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin dövrdə ABŞ, İsrail və regionun bəzi ölkələri İranın əvvəlki hərbi və siyasi potensialına ciddi zərbə vurulduğunu dünya ictimaiyyətinə qələbə kimi təqdim etməyə çalışırdı. Bu proses fonunda İran rejimi də daxili sabitliyi qorumaq və hakimiyyətini gücləndirmək üçün müxtəlif addımlar atmağa başladı.

Politoloq qeyd edib ki, iyun ayından dekabr ayına qədər olan 4–6 aylıq dövrdə İranın dini hakimiyyəti mövqelərini möhkəmləndirmək məqsədilə həbslər, təzyiqlər və ittihamlar da daxil olmaqla bir sıra sərt tədbirlər həyata keçirib. Onun fikrincə, bu, tamamilə gözlənilən proses idi.

Aydın Quliyev bildirib ki, hazırda əsas sual ABŞ-ın İrana qarşı növbəti addımlarının olub-olmayacağı və Vaşinqtonun yeni strategiyasının necə formalaşacağıdır. O vurğulayıb ki, mövcud geosiyasi şəraitdə Rusiya və Çin faktorları Tramp administrasiyasının birbaşa hərbi zərbələr endirməsini çətinləşdirə bilər. Lakin bunun əksini göstərən nümunələr də mövcuddur.

Politoloq xatırladıb ki, iyun ayının 11–12-də, ABŞ və İran nümayəndələrinin Omanda keçirilməsi planlaşdırılan danışıqlara bir neçə gün qalmış, İsrail gözlənilməz şəkildə İrana zərbələr endirib. Daha sonra ABŞ-ın İranın nüvə obyektlərini ağır bombalarla vurması da baş verib ki, bu, danışıqlar fonunda baş verən gözlənilməz addım kimi yadda qalıb.

Onun sözlərinə görə, hazırkı mərhələdə ABŞ hərbi müdaxiləyə tələsməyəcək və daha çox İranda davam edən daxili etirazların inkişafını izləyəcək. Bu etirazların müəyyən pik nöqtəyə çatması, regionlarda yeni liderlərin ortaya çıxması ABŞ-ın növbəti qərarlarına təsir göstərə bilər.

Aydın Quliyev bildirib ki, İran hakimiyyəti vəziyyətin tam nəzarət altında olduğunu iddia etsə də, ölkə daxilində baş verən aksiyalar və sosial narazılıqlar artıq müəyyən nəticələr verib və bu proseslər hələ tam yekunlaşmayıb.


Sizin reklam burada
Sizin reklam burada