Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda, İsrail, Livan (Hezbollah) və İran üçbucağındakı hərbi-siyasi proseslər qlobal gündəmin əsas müzakirə mövzusudur.
Millət vəkili, politoloq Rasim Musabəyov News365.az-a açıqlamasında bölgədəki son vəziyyəti, ABŞ-ın pərdəarxası diplomatiyasını və gözlənilən irimiqyaslı qarşıdurmanın perspektivlərini təhlil edib.

"İsrail ordusu çıxsa, Livan ordusu məsuliyyəti boynuna götürməlidir"
Millət vəkili qeyd edib ki, İsrailin Livanla bağlı mövqeyi və təhlükəsizlik tələbləri tamamilə konkretdir:
"İsrail vaxtilə Livana girdi və oradan çıxdı, lakin yaranan boşluğa yenidən 'Hizbullah' yerləşərək İsrail ərazilərini atəşə tutmağa başladı. İndi İsrail haqlı olaraq tələb edir ki, İran əvvəlcə 'Hizbulah'ın törətdiyi əməllərə görə cavab versin, sonra gəlib İsraildən nəisə istəsin.
Digər tərəfdən, hazırda belə bir ssenari müzakirə olunur: İsrail öz qoşunlarını Livanın cənubundan çıxaracağı təqdirdə, həmin ərazilərə Livanın rəsmi ordusu yerləşməlidir. Rəsmi Beyrut məsuliyyəti tam boynuna götürməlidir ki, bu regiondan İsrailə qarşı heç bir hücum və atəş reallaşmayacaq. Yalnız bu istiqamətdə müəyyən bir diplomatik kampaniya aparmaq mümkün ola bilər."
Rasim Musabəyov mediada yayılan və Vaşinqton-Tehran xəttindəki gizli sövdələşmələrə işarə edən mühüm bir məqama da toxunub:
Tələbin ləğv edilməsi: Müharibədən əvvəl ABŞ və İran arasında aparılan danışıqlarda Tehranın regiondakı proksi (vəkil) qruplarının fəaliyyətinə son qoyması tələbi var idi. Son məlumatlara görə, bu bənd ABŞ tərəfindən gündəlikdən çıxarılıb.
Amerikanın güzəşti: Bu iddialar rəsmən təsdiqlənməsə də, Amerikanın bunu İrana qarşı sərt bir tələb olaraq irəli sürmədiyi bildirilir.
Düyməyə basılmayıb: Vaşinqton "Hezbollah"ın tamamilə zərərsizləşdirilməsi üçün hələ də qəti addım atmayıb.
"Hizbullah'ın hər atəşinə onqat cavab veriləcək"
Politoloq vurğulayıb ki, ABŞ-ın bu passiv mövqeyi fonunda İsrailin geri çəkilmək niyyəti yoxdur və o, öz təhlükəsizliyini təkbaşına qorumaqda israrlıdır:
"Amerika tərəfindən proseslərə tam müdaxilə olunmadığı bir vaxtda, İsrail Livanı sərbəst buraxmayacaq. 'Hezbollah'ın atdığı hər bir atəşə İsrail ordusu onqat ağır cavab verəcək. Bu məsələdə İsrailin qarşısını nə Amerika, nə də İran ala biləcək.
Əgər İran özündə cəsarət tapıb birbaşa İsrailə qarşı hər hansı bir hərbi zərbə endirsə, yüzdə yüz əminliklə deyə bilərəm ki, İsrailin İrana verəcəyi cavab ondan qat-qat ağır və dağıdıcı olacaq".