İran İsrailə hücumunu niyə əvvəldə bəyan etmişdi? - Tural İrfandan MARAQLI ŞƏRH

İran İsrailə hücumunu niyə əvvəldə bəyan etmişdi? -  Tural İrfandan MARAQLI ŞƏRH
17 Apr 2024 09:42

1991-ci ilin yanvar ayında Körfəz Müharibəsi zamanı İraq lideri Səddam Hüseyn İsrailə 39 ədəd modifikasiya edilmiş Skat (As Samud) ballistik raketini atdı. İsrailə xeyli ziyan dəydi, rəsmi məlumata görə 74 sivil insan öldü, 4.100 binaya ciddi ziyan dəydi, 28 bina tamamilə dağıldı. Əsasən Ramat Qan, Xayfa və paytaxt Tel Əviv şəhərlərini hədəf götürən Səddam Hüseynin məqsədi İsraili özünə qarşı savaşa çəkərək Körfəz Savaşının miqyasını ərəb, müsəlman dövlətlərini də cəlb etməklə genişləndirmək idi. Şübhəsiz ki, İraq liderinin niyyətini və nəticəsinin doğuracağı sonluğu nəzərə alan ABŞ hər cürə vəchlə İsrailə təziq göstərək Səddam Hüseynin provakasiyasına cavab verməyə imkan vermədi. Əgər İsrail cavab verib İraqı bombalasa idi ABŞ kualisiyasında olan dövlətlər, habelə ərəb dövlətlərinin mövqeyi dəyişib böyük maddi, diplomatik krsizə yol açacaqdı.

Onu da qeyd edək ki, İsrail 1981-ci ildə İraqın Fransadan alıb quraşdırdığı nüvə reaktorunu vurmuşdu. İran - İraq savaşında İsrail İraqa silah və hərbi atteşelər ixrac edən öndə gedən dövlətlərdən biri, bəlkə də birincisi idi. İranın 80% silah mühümmatını İsrail təchiz edirdi İraqa qarşı.

Ancaq Səddam Hüseynin İsrailə 39 raket atıb ərəb ölkələrinə üz tutaraq: İçinizdə kişi varsa 40-cını da o atsın" deyə çağırış etməsinə rəğmən heç kəsin səsi çıxmadı. Çünki onlar da ABŞ-ın addımlarını izləyirdilər.

Beləliklə Səddam Hüseynin cavabı 12 il təxirə düşdü və vaxtilə hakimiyyətə gələndə Səddama dəstək vermiş, Şimali İraq kökənli Kəsnezani təriqəti vasitəsi ilə İsrail və ABŞ kəşfiyyatı İraq liderinin ailəsinə qədər sızdı. Səddamın həyat yoldaşı, böyük oğlu, hətta birinci müavini İzzəddin İbrahim əl Duri də bu təriqətin "şişbatırma, güllə deşməz" illuziyalarına uyub "mürid - mürşid rabitəsi" kanalı ilə özləri də bilmədən daxili sirləri, hətta Səddamın ailəsinin daxilindəki danışıqları belə zəncirvari şəkildə təriqətin başçısına ötürdülər, o da Mossada.

2003 - cü ilin martında İraqa müdaxilə zamanı İnformasiya naziri Bağdad hava limanını tutmuş kualisiya qüvvələrinə gecə sürpriz hazırladıqlarını sevinclə elan etdi. Ancaq sabahı, nə də sonra heç bir hərəkət olmadı, əksinə ABŞ qüvvələri irəlilədi və bir neçə gün ərzində Bağdad çökdü. Bəs nə baş vermişdi? Kəsnezani təriqəti üzvləri kualisiya kəşfiyyatına minlərlə Səddam fədaisinin hava limanına aparan yeraltı tunellərdə olduğunu, səhərə yaxın üzə çıxaraq işğal qoşunlarını hava limanında tələyə salacaqları məlumatını verdikdən sonra ABŞ hava qüvvələri tunellərin olduğu nöqtələrə 2-3 tonluq bunker dağıdan bombalar ataraq minlərlə fədaini yerin altında tamamilə yoxa çıxara bilmişdi. Sonralar xəbəri elan edən general İnformasiya naziri ABŞ-a təslim olaraq yaşamına davam etdi.

O həmin bunkerlər idi ki, vaxtilə Səddam Hüseyn İraqda qonaq olan Misir prezidenti Hüsnü Mübarəkin Qərbə qarşı gəlməməsi üçün tövsiyələrinə rəğmən gücünü nümayiş etdirmək məqsədi ilə onu aparıb göstərmişdi. Mübarəkin kameralı saatından şübhələnən Səddam vidalaşarkən onunla ərəb adətlərinə görə protokolun hədiyyələşmə mərhələsində bağışladığı qələmin müqabilində onun saatını əlindən ala bilmişdi.

Ancaq məlum bunker və tunellərin varlığı, İraqın yeraltı silah tədarükü və çoxminlik İraq İnqilab Mühafizləri və Səddam fədailərinin aqibəti hələ də sirr olaraq qalmaqdadır.

Ancaq ABŞ təkcə Bağdaddan 250 km aralıda olan Əl Təqaddüm hərbi hava bazasında 2 metr dərinliyə basdırılmış MİG 25 təyyarələrini tapdıqlarını açıqlamaqla kifayətləndi.

Hazırki İran - İsrail - ABŞ "münasibətləri" çox nöqtədə eyni ssenarinin təkrarladığını xatırladır.

Yenə də ABŞ İsrailə təsir göstərərək İrana hücum etməməyi tələb edir.

İraq da o zaman İsraili, ABŞ-ı Skat raketlərini atarkən məlumatlandırmışdı. İran da indi atarkən məlumatlandırdı.

ABŞ - nın İraq ssenarisini xatırlasaq, İsrailin 1981-ci ildə İraqın nüvə obyektlərini vurmasına paralel olaraq indi də İsrail anında cavab verməyəcək, fürsət axtararaq İranın nüvə obyektlərinə zərbə endirməyi nəzərdə tutacaq.

1991-ci ildə İraq da İsrailə raket atanda ciddi deyildi, çünki məqsəd Fələstin məsələsi yox, İraqın öz marağını təmin etmək idi. İndi İranın da İsrail səmalarına dron hücumununu bu qəbildən saymaq olar. Getdikcə düşən nüfuzunu müsəlman xalqları arasında yüksəltmək, daxildəki problemlərdən diqqəti yayındırmaq və başqa məqsədlərin olması aydındır.

Süni yaradılmış xarici düşmən obrazı əgər hiss etsə ki, hücum edən, illərdir üstünə qıcanan ciddidir, onun beynəlxalq maraqlarına maneə yaradır, o zaman İraqla 2003-cü ildəki rəftarı təkrarlayar.

İranın İsrailə hazırki dron hücumuna ABŞ və Avropa ölkələrinin göz yumaraq şərait yaratması İranın nüvə obyektlərinə zərbə vurmaq üçün legitimlik haqqı qazanmaq idi, buna da nail oldular. İndi qaldı zərbənin hansı formada olması və nə vaxt endirilməsi məsələsi. Onu da həm İsrail təhlükəsizlik şurası, həm də ABŞ ortaq qərar verəcək. Burada tələyə düşən İran oldu və heç nə qazanmadı.

Həmas - İsrail savaşı yalnız Fələstin dövləti yarandıqda dura bilər. BMT - nin qərarı əsasında, Türkiyənin də, başqa müsəlman ölkələrinin də tərəfdarı olduğu qanunu Fələstin dövləti yaranmalıdır. Bu məsənin hazırki dövrdə ikinci bir siyasi həll yolu yoxdur. Hərbi yolla da mümkün deyil. Sadəcə qan tökülür və problem daha da dərinləşir, danya üçün qlobal bir müşkülata çevrilir. Əgər İsrail vaxtında paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaranmasına imkan versə idi bütün ərəb və müsəlman ölkələri ilə münasibətləri də normal, inkişaf etmiş olardı. Ancaq barışmaz mövqe sərgiləməsi Fələstinin ziyanına olmaqla yanaşı özünə də zərbə vurur, problemin daha da dərinləşib uzanması münasibətləri nəinki korlayır, hətta barışmaz həddə gətirib çıxarır.

Hətta ABŞ özü İsrailin müttəfiqi olmasına baxmayaraq hazırki durumla tam barışmır. Hər bir halda qanın durması vacibdir, yarım əsrdən çoxdur ki, müharibə olmasına baxmayaraq bu məsələnin qan tökməklə həlli görünmür.

Daha qorxulusu coğrafi ərazi davasının dini savaşa dönüşə bilməsi ehtimalıdır. Bir millətin, bir dinin mənsublarının haqqında dərin izlər buraxan mənfi obraz yaranır dünyada. Dünyanın multikultural dəyərlərin inkişafına doğru yol alıb tolerantlıq ənənələrini yaşatmaq niyyətinə xələl gətirən bu savaş çətin sağalan yaralar açır.

Odur ki, BMT-nin qətnamələri əsasında addım atılmalıdır.

Ancaq onu da unutmaq olmaz ki, İranın atdığı raket və dronlardan İsrildə bir nəfərin belə burnu qanamamış, demək olar ki, tamamı zərərsizləşdirilmişdir.

İran əvvəlcədən xəbərdarlıq edərək İsrailin tam hazırlıqlı olmasını təmin etməklə yanaşı diqqəti Həmas - İsrail müharibəsindən ayıra bilmiş, İsrailə yenidən gec toplama fürsəti tanımışdır. Diqqəti uşaq ölümlərindən çevirərək süni qəhrəman obrazı yaratmaqla Amerika və İsrail ilə dərin əlaqələrini bu şahmat oyunu ilə təsdiqləmişdir.

Tural İrfan, MCP-nin sədr müavini


Youtube kanalımız
İran İsrailə hücumunu niyə əvvəldə bəyan etmişdi? -  Tural İrfandan MARAQLI ŞƏRH

Oxşar xəbərlər