İran bu ilin iyununda baş verən 12 günlük müharibəyə görə ABŞ-dən kompensasiya tələb edib.
News365.az İSNA-ya istinadən xəbər verir ki, bu barədə tələb İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ Prezidenti Donald Trampın İsrailin İrana qarşı təcavüzünə rəhbərlik etdiyinə dair etirafına əsaslanaraq BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubdə əks olunub.
A.Əraqçi məktubunda ABŞ və İsraili İslam Respublikasına qarşı 12 günlük hərbi təcavüzdə ittiham edib.
Nazir ABŞ Prezidenti Donald Trampın İsrailin İrana qarşı təcavüzkar hərəkətlərinə rəhbərlik etdiyi barədə etirafına istinad edərək yazıb:
"Birləşmiş Ştatlar bu pozuntular nəticəsində İrana və vətəndaşlarına dəymiş maddi-mənəvi zərəri tam şəkildə kompensasiya etməyə borcludur".
O, ölkəsinin ABŞ və İsrailin ayrı-ayrı rəsmi şəxslərini məsuliyyətə cəlb etmək, habelə dəymiş zərərə görə kompensasiya almaq üçün bütün mövcud qanuni kanallardan istifadə etmək hüququnu özündə saxladığını bildirib.