Deməli, televiziyada işlədiyim dönəmdə bir dövlət orqanının rəsmi saytının "Hesabatlar və statistika" bölməsində yerləşdirilən ən son rəqəmləri götürüb, ondan xəbər hazırlayıb efirə vermişdik.
Növbəti gün çöldə hava sakit olsa da, içəridə bir qasırğa qopdu. Biz müttəhim kimi sorğu-suala çəkilməyə başlandıq. Səbəb? Niyə bu rəqəmlər efirə gedib!
İzah etməyə çalışdıq ki, bəs rəqəmlər rəsmi saytda açıq formada dərc edilib. Bunu həmin qurumun mətbuat katibinə də izah etməyə çalışdıq. Ancaq adam dirəşdi ki, "yox ey, saytdan hər götürdüyünüz rəqəmə görə məndən icazə almalısınız". Çox çalışsaq da, mətbuat katibini başa sala bilmədik ki, ay xanım, ay gözəl insan, sayta yerləşdirilən xəbər artıq sənin yox, ictimaiyyətindir. Ondan biz rahat istifadə edə bilərik. Axırda belə bir təlimat gəldi ki, " qurumlarla problem yaratmayaq, hər şeyi razılaşdırın".
Sonra başladıq saytdan götürdüyümüz hər xəbəri əlavə olaraq razılaşdırmağa. Elə qurumlar var idi ki, bir zənglə telefonda saytda gedən xəbəri dəqiqləşdirib efirə verirdik, bəzi qurumlar isə ümumiyyətlə zəngə cavab vermirdi. Hətta bir qurumun mətbuat katibi məndən şikayət də etmişdi ki, niyə bizə sorğu verir.
Bunu niyə dedim? Bunu İdrak liseyində baş verən məlum hadisədən sonra medianın üzərinə gedilməsinə görə xatırladım. Jurnalistin işi xəbər verməkdir, qurumların işi isə məlumat. Əgər qurum məlumat vermirsə, jurnalist başqa alternativ tapmalı və xəbər ötürməlidir. Xüsusən də indiki – informasiyanın sürətləndiyi zamanda.
Şagirdlərdən müsahibə almaq səhvdirmi?
Məktəb rəhbərliyinin faktı gizlətməyə çalışdığını nəzərə alsaq, o zaman o uşaqların dediyinin bir xəbər dəyəri var. Misal üçün, uşaq silahı təsdiq etdi, deməli, məktəb rəhbərliyinin xəbəri gizlətmək cəhdini boşa çıxartdı.
Ancaq uşağın üzü göstərilməlidirmi və yaxud uşağa o qədər sual vermək düzdürmü məsələsinə gəldikdə, bu, birmənalı olaraq düz deyil. Burada jurnalistlər səhvə yol verdilər. Ancaq o səhvi müxbirlərdən çox, baş redaktorlarda axtarmaq lazımdır. Neçə baş redaktor əməkdaşına gündəlik olaraq təlim keçir? Neçə redaksiyanın öz redaksiya kodeksi var? Əminliklə deyirəm, əksəriyyətinin yoxdur.
Çıxış yolu nədir? Çıxış yolu ilk öncə ixtisaslaşmadır. Ömür boyu mədəniyyətdən yazan jurnalisti kriminala göndərəndə əmin olmalısan ki, orada bir fors-major yaşanacaq.
Ona görə media ilə qurumlar arasında bir akkreditasiya sistemi qurulmalıdır. İstənilən mətbuat katibi yaxşı tanıdığı jurnalistlə daha səmərəli əməkdaşlıq edir. Ona görə bütün qurumlar yalnız hər redaksiyadan məhdud sayda jurnalistlə işləməlidir. Misal üçün, Milli Məclis uzun illərdir bunu tətbiq edir və hal-hazırda həm Milli Məclisin mətbuat xidməti jurnalisti tanıyır, həm də jurnalist Milli Məclisin mətbuat xidmətini tanıyır. Belə olanda hər tərəf öz işini səmərəli qura bilir.
Ona görə son hadisəni informasiya aclığından doğan etik pozuntu kimi qiymətləndirmək olar.
Aqil Familoğlu, jurnalist