Azərbaycanın
zəngin mədəni və təbii irsinin dünya səviyyəsində tanınması istiqamətində növbəti
mühüm addım atılıb. 2025-ci il 6–16 iyul tarixlərində Paris şəhərində keçirilən
UNESCO-nun Dünya İrsi Komitəsinin 47-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən
təqdim olunan “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii
Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Bu qərar Azərbaycanın
tarixi və mədəni sərvətlərinin beynəlxalq ictimaiyyətə daha geniş təqdimatı və
qorunması baxımından əlamətdar hadisədir.
News365.az xəbər
verir ki, Qədim Qəbələ şəhəri
Azərbaycanın qədim dövrlərdə iqtisadi, siyasi və mədəni həyatında mühüm rol
oynamış, təxminən 2500 illik tarixi ilə Qafqaz Albaniyasının ilk paytaxtı
olmuşdur.
Tarixi mənbələrdə
adı eramızın I əsrindən qeyd olunan Qəbələ şəhəri uzun müddət regionun əsas
siyasi və ticarət mərkəzlərindən biri kimi fəaliyyət göstərmişdir. Qədim şəhərin
bugünkü arxeoloji qalıqları onun zəngin tarixinin və inkişaf etmiş şəhər mədəniyyətinin
bariz sübutudur.
Gəmiqaya isə
Azərbaycanın ən qədim mədəniyyət nümunələrindən biridir və Ordubad rayonu ərazisində,
Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşir. Bu ərazi
Tunc dövründən Orta əsrlərə qədər müxtəlif tarixi mərhələləri əks etdirən zəngin
qayaüstü təsvirlərlə məşhurdur. Gəmiqaya petroqlifləri qədim insanların məişətini,
inanclarını və bədii dünyagörüşünü əks etdirən nadir nümunələrdir və həm elmi,
həm də turistik baxımdan böyük əhəmiyyət daşıyır.
Azərbaycan
Ekoturizm Assosiasiyası bu tarixi qərarı alqışlayır və bildirir ki, sözügedən
abidələrin UNESCO-nun İlkin Siyahısına daxil edilməsi Azərbaycanın ekoturizm
imkanlarını genişləndirmək üçün də böyük potensiala malikdir. Qədim Qəbələ və Gəmiqaya
yalnız mədəni deyil, həm də təbii gözəllikləri ilə seçildiyindən, onların gələcəkdə
ekoturizm marşrutlarına daxil edilməsi həm yerli, həm də beynəlxalq turistlər
üçün xüsusi maraq doğuracaq. Bu, öz növbəsində, regionlarda yeni iş yerlərinin
yaradılması, yerli icmaların rifahının yaxşılaşdırılması və dayanıqlı turizmin
təşviqi baxımından mühüm addımdır.
Azərbaycan
Ekoturizm Assosiasiyası vurğulayır ki, bu abidələrin gələcəkdə UNESCO-nun Dünya
İrsi Siyahısına tam hüquqlu daxil edilməsi məqsədilə zəruri elmi və təşkilati
işlər davam etdirilməlidir. Bununla yanaşı, turistlərin təhlükəsizliyi və
maarifləndirilməsi sahəsində də əlavə tədbirlər görülməlidirlər.
Bu mühüm qərar
Azərbaycanın tarixi irsinin qorunması və dünya mədəni xəritəsində yerinin möhkəmləndirilməsi
üçün yeni imkanlar açır. Eyni zamanda, ölkənin ekoturizm sektorunun inkişafına
yeni bir təkan verəcək, Azərbaycanın təbii və mədəni sərvətlərinin dünya səviyyəsində
təbliğinə xidmət edəcək. Azərbaycan Ekoturizm Assosiasiyası bu prosesə töhfə
verməyə çalışacaq.