Şuşa şəhərinin incisi, Aşağı Gövhər ağa məscidi haqqında BİLMƏDİKLƏRİMİZ
Mədəniyyət
09:55
Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. Hazırda Şuşada məscid barədə yerli sakinlər ilə söhbət edirik. İçlərində olan memar danışır ki, ikiyaruslu məscidin şimal fasadında üçtağlı eyvan yerləşir. Onun orta tağı yarımdairəvi yan tağlarından fərqli olaraq oxvarıdır ki, bu da tikiliyə xüsusi gözəllik verir. Yan tağlar üzərində əsas fasad boyunca yüksələn həmin tağ məscidin ön girişinə işarədir.
Yuxarı Gövhər ağa məscidindən bəzi xüsusiyyətlərinə görə fərqlənən bu tikilinin minarələri əsas fasadı deyil, cənubda yerləşən və kiçik Qapan meydanına açılan ikinci fasadı əhatə edir.
Məscidin ikinci mərtəbəsində uzunu boyunca yanlarda qadınlar üçün nəzərdə tutulmuş eyvanlar uzanır.
Kərbalayi Səfixan Qarabağinin Xəmsəsinə daxil olan bu məscidi də İbrahimxəlil xanın qızı Gövhər ağa tikdirib.
Aşağı Gövhər Ağa məscidi 1874–1875-ci illərdə tikilməsi barədə qeydlər var. Maraqlı budur ki, bu barədə olan bütün yazılarda, qeydlərdə tikinti tarixi məhz bu göstərilir. Lakin Aşağı Gövhər ağa məscidi şəhərin 1855-ci ilə aid baş planında qeyd olunmuşdur. Demək burada tikinti tarixini tam dəqiqləşdirmək lazımdır. Burda bir neçə memar və yaşlı sakinlrədən, mütəxəssislərdən soruşdum, tam dəqiq tarixi heç kim bilmədi..Nəhayət Şuşa şəhərini gəzib , buranın tarixini bilən bir iki adamla söhbətdən sonra onlar təsdiq elədilər ki, məscid 1855-ci ildə mövcud olub, 1874-75-ci illərdə yenidənqurma işləri aparılmışdır burada.
Məhz məscidin Cümə deyil, Gövhər ağa adlanması da bu tarixdən etibarən başlanıb, çünki yenidənqurma işlərinin maliyyəsinin Xan qızı çəkib.
Bəs niyə Şuşada ikinci məscidə belə ehtiyac var idi sualıma cavab olaraq dedilər ki, o vaxt ticari əlaqələrin genişlənməsi nəticəsində Şuşaya Osmanlı imperiyası və Dağıstandan çoxlu tacirlər gəlməyə başlayır və onların ibadəti üçün ikinci məscid inşa edilir. Hətta bir din xadimi iki məscidin birinin sünnə, digərinin isə şiə məzhəbinə insanlar üçün tikildiyini qeyd etdi. Düzü buna çox inanmadım
Minarələrində həndəsi formada yazılmış “Allah” ifadəsi burulan lent kimi təkrarlandığını da qeyd etdilər.
Çox gözəl bir aurası var buranın. İnsan burda rahatlıq tapır. İmkan olsa Şuşaya gələndə bura mütləq baş çəkin.